“Məqsədimiz itirdiyimiz xalları geri qaytarmaqdır”
23.04.2011 - 10:43
“Məqsədimiz  itirdiyimiz xalları geri qaytarmaqdır”
“İqtisadçı”da gözəl heyət formalaşıb. Bunun üçün biz mükafatçılar sırasında yer almağı planlaşdırırıq”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İqtisadçı” klubunun voleybolçusu Katlin Ueiss deyib.

Almaniyalı legioner Super Liqanın final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, ilk dövrədə itirdikləri xalları aprelin 27-29-da Masallıda keçiriləcək növbəti 3 turda qaytarmağa çalışacaqlar: “Birinci dövrə maraqlı keçdi. Burada hər klub sübut etdi ki, digərini məğlub etmək gücündədir. Düzdür, biz final mərhələsinə yaxşı başlamadıq. Amma III turda uğursuzluq zolağından çıxdıq. Bunun üçün əsas məqsədimiz Mingəçevirdə itirdiyimiz xalları Masallıda geri qaytarmaqdır. Çox güman ki, Azərbaycan çempionu son dövrədə dəqiqləşəcək. Bu isə çempionatı daha da maraqlı edir”.

Qeyd edək ki, “İqtisadçı” ilk dövrədə “Rabitə” və “Azərreyl”ə uduzduqdan sonra “Lokomotiv”ə qalib gəlib. 3 turdan sonra aktivində 4 xalı olan universitet komandası turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
0