Tilsimlər qırılarsa, vahid lider müəyyənləşəcək
26.04.2011 - 11:23
Tilsimlər qırılarsa, vahid lider müəyyənləşəcək
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II dövrəsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, aprelin 29-a kimi Masallıda baş tutacaq növbəti 3 turdan sonra vahid lider müəyyənləşə bilər.

Bunun üçün “Rabitə” və ya “Azərreyl”in hər üç görüşü qələbə ilə başa vurması kifayət edəcək. Çünki məhz bu 2 komanda çempionluğa daha yaxındır. Lakin paytaxt klublarının duelində Vüqar Əliyevin yetirmələrinin Çempionlar Liqasının gümüş mükafatçısı ilə bacara bilməməsi “Rabitə”nın xeyrinə olan amildir. Əgər bu dəfə də “Azərreyl” Dejan Brdjoviçin komandasına məğlub olarsa, işini çətinə salacaq.

Maraqlıdır ki, “Çelenc Cup”ın qalibi “Azərreyl”ə həmişə qalib gələn “Rabitə”nin də öz “qənimi” var. Bu, paytaxtın “Lokomotiv” komandasıdır. Super Liqada 3 matçdan 2-də rəqibini məğlub edən “dəmiryolçular” final mərhələsinin 3 turundan sonra set fərqinə görə “İqtisadçı”dan geri qalsalar da, sensasiya etmək gücündədir. Onlar hətta Masallıda məğlub olmaya da bilərlər. Çünki az öncə Bolqarıstan millisinə baş məşqçi təyin edilən Draqutin Baltiç Azərbaycandan titulla ayrılmağı planlaşdırır. Bunun üçün isə “Lokomotiv” “Azərreyl” və “İqtisadçı” sindromunu qırmağa çalışacaq.

“İstisadçı”nın isə ötən illə müqayisədə bu dəfə titul qazanması heç də asan olmayacaq. Çünki Jan De Brandtın yetirmələrinin zədədən əziyyət çəkmələri və belçikalı mütəxəssisin əlinin altında kifayət qədər voleybolçunun olmaması komandanın mövsümü titulsuz başa vurması ilə nəticələnə bilər. Düzdür, heyətdə yer alan legionerlərin təcrübəsi “İqtisadçı”nın üstünlüyü hesab olunur. Amma onların da hər görüşdə eyni səviyyədə çıxış etməmələri Super Liqanın bürünc mükafatçısının “Çelenc Cup”da olduğu kimi çempionatda da “ofsayd”da qalmasına zəmin yarada bilər.

Qeyd edək ki, Masallıda keçiriləcək 3 turdan sonra axırıncı dövrə Bakıda təşkil ediləcək.

27 aprel
16.00. “Lokomotiv” - “Rabitə”
18.30. “Azərreyl” - “İqtisadçı”

28 aprel
16.00. “Azərreyl” - “Lokomotiv”
18.30. “İqtisadçı” - “Rabitə”

29 aprel
12.00. “Lokomotiv” - “İqtisadçı”
14.30. “Rabitə” - “Azərreyl”

Azərreyl

3

2

1

8-5

5

Rabitə

3

2

1

8-6

5

İqtisadçı

3

1

2

5-7

4

Lokomotiv

3

1

2

5-8

4

0