“Yeni mövsümün əvvəlinədək tam bərpa olunacağam” - FOTO
02.05.2011 - 16:42
“Yeni mövsümün əvvəlinədək tam bərpa olunacağam” - FOTO
“Təəssüf ki, zədə səbəbindən mövsüm mənim üçün bitib. Hazırda ayağım gipsdədir və müalicə olunuram. Sonra bərpa üçün müəyyən vaxt tələb olunacaq. Fikrimcə, yeni mövsümün əvvəlinə kimi tam bərpa olunacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Lokomotiv” voleybol klubunun legioneri Vera Klimoviç deyib.

Aprelin 19-da Super Liqanın final mərhələsinin ilk dövrəsinin II turunda “Azərreyl”lə görüşdə zədələnən 23 yaşlı belaruslu zədə səbəbindən mövsümü başa vurmaq məcburiyyətində qalıb. O bildirib ki, belə vəziyyətdə komandasının oyununu kənardan izləmək heç də asan deyil: “Mənə bir oyunçu kimi komandanın görüşlərini kənardan izləmək psixoloji baxımdan çətindir. Çünki bu zaman əlindən heç nə gəlmir. Meydanda olduqda isə potensialından istifadə edib kömək edə bilərsən”.

Klimoviçin sözlərinə görə, final mərhələsinin 6 turundan sonra “Lokomotiv”in 4-cü yerdə qərarlaşmasının əsas səbəblərindən biri mövsümün əvvəllərindən diqqətlərini “Çelenc Cup”a yönətmələridir: “Bir şey deyə bilərəm ki, mövsümün sonuna yaxın artıq yorğunluq hiss olunur. Çünki biz Avrokubokda çoxlu güc sərf etdik. Finala kimi irəlilədik. Ola bilsin, bu, çempionatdakı nəticəyə təsir etdi”.

Belaruslu voleybolçu Super Liqada hələ çempionun müəyyənləşmədiyi qənaətindədir: “Bütün komandalar bərabər gücdədir. Psixoloji cəhətdən daha davamlı olan isə çempion olacaq. Fikrimcə, şans həmişə var. Əsas ondan düzgün istifadə etməkdir”.

Qeyd edək ki, Super Liqanın son 3 turu Bakıda keçiriləcək. Final mərhələsinin 6 turundan sonra “Rabitə” 11 xalla vahid liderdir. “Azərreyl”in aktivində 9, “İqtisadçı” və “Lokomotiv”in aktivində isə 8 xalı var.
0