“Azərreyl” islahatlara başlayır
04.05.2011 - 14:01
“Azərreyl” islahatlara başlayır
“Biz tezliklə yeni mövsüm üçün heyətimizi formalaşdırmağa başlayacağıq. Çempionat yekunlaşdıqdan sonra komanda üzvlərinin yarısı ilə yollarımızı ayıracağıq”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Onun sözlərinə görə, “Çelenc Cup” turnirin qalibi olan heyəti dəyişməkdə əsas məqsəd bəzi legionerlərin özlərini doğrultmamağıdır: “Komandamızın bəzi üzvləri lazımı oyunu nümayiş etdirə bilmədi. Artıq klubumuzdan gedəcək voleybolçular məlumdur. Rəhbərlikdən 6 nəfərin komandada qalmasını istəyəcəyəm. Bunlar milli komandamızın üzvləri Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, legionerlərdən isə braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferdir. Digərləri barədə isə bir daha söhbət edəcəyik. Çox güman ki, yığmamızın üzvü Oksana Kiselyova da səviyyəsini artırsa, onu da saxlayacağıq. Burada əsas məqsəd millimizin mənafeyini də güdməkdir. İstəyirik ki, klublardakı inkişafdan yığmamıza daha böyük pay düşsün”.

Qeyd edək ki, Super Liqada çempionluq şansını itirən “Azərreyl” bu mövsüm 19 voleybolçunun xidmətindən yararlanıb. Bunlarda isə 11-i legioner olub.
0