Federasiya prezidenti Azərbaycan çempionuna “ilişdi”
11.05.2011 - 13:45
Federasiya prezidenti Azərbaycan çempionuna “ilişdi”
Türkiyə Voleybol Federasiyasının (TVF) prezidenti Erol Ünal Karabıyık legioner limiti ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, TVF rəhbəri bunun milli komandaya böyük xeyir verəcəyi qənaətindədir.

O bildirib ki, 2009-cu ildən başlanılan bu proses davam etdiriləcək. Çünki əcnəbilərin sayının çox olması heç də ölkə çempionatında mübarizə aparan klubların uğurları demək deyil.

Onun sözlərinə görə, əgər belə olsa idi, Bakının “Rabitə” klubu Çempionlar Liqasının gümüş deyil, qızıl medalını qazanardı: “Belə ilk qərar 2 il öncə oldu. Bunun nəticəsi olaraq, hazırda yeni ulduzlarımız parlamaqdadır. İndi bu qərara göz yetirək: türk voleybolçuların oyun keyfiyyətləri yüksəldi, təcrübələri artdı. Çox əcnəbiyə güvənmək uğur gətirsə idi, Azərbaycanın “Rabitə” klubu Çempionlar Liqasının qalibi olardı. Amma sonda bir Türkiyə komandası - “Vakıfbank Günəş Sığorta” çempion adını qazandı. Buna görə də limitin aşağı salınmasında qərarlıyam”.

Qeyd edək ki, TVF legioner limitini 3+1-dən 2+1-ə endirməyi planlaşdırır. Qonşu ölkədən fərqli, Azərbaycanda legioner limiti yoxdur.
0