Draqutin Baltiçdən uğurlu debüt
23.05.2011 - 10:21
Draqutin Baltiçdən uğurlu debüt
Azərbaycan çempionu Draqutin Baltiçin qadın voleybolçulardan ibarət Bolqarıstan milli komandasında debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Bakının “Lokomotiv” klubunun sloveniyalı çalışdırıcısı Bolqarıstan yığmasına ilk cəhddəcə qələbə qazandırıb.

Belə ki, Belarus millisi ilə yoxlama görüşü keçirən Baltiçin komandası hər 2 görüşdə rəqiblərindən üstün olublar. I görüşdə 3:2 hesabı ilə qələbə qazanan Bolqarıstan yığması II matçda belaruslulara 1 set də güzəştə getməyiblər – 4:0.

Bolqarların heyətində Azərbaycan Super Liqasında çıxış edən Kremena Kamenova, Mariya Filipova, Diana Nenova (hər üçü “Lokomotiv”) və Tanya Sabkova (“Bakı”) da mübarizə aparıblar.

Qeyd edək ki, Baltiç 2009/2010 mövsümündə “Rabitə” ilə Azərbaycan çempionatının qızıl medallarını qazanıb. Son mövsümdə isə “Lokomotiv”lə 4-cü olub.
0