“Həyatımın ən gözəl günlərini orda keçirdim”
16.06.2011 - 13:25
“Həyatımın ən gözəl günlərini orda keçirdim”
Azərbaycan milli komandasının voleybolçusu Natəvan Qasımovanın apasport.az saytına müsahibəsi

- Artıq “Skavolini” ilə müqavilənizin müddəti bitib. Növbəti mövsüm üçün yeni təklif almısınızmı?
- Mənim İtaliyada qalmaq variantım var. Amma hələlik qərar verməyə tələsmirəm. Çünki ola bilsin yenidən vətənə qayıdım. Bu, 50-nin 50-i faizədir. Bakı klublarından xidmətimdə maraqlı olanları var.

- Konkret müqavilə təklif edən varmı?
- Bu məsələ də bir qədər qaranlıqdır. Hələ fikirləşirəm. Konkret yoxdur. Yəni, heç bir klubla rəsmi danışığım olmayıb.

- Amma adınız “Bakı” klubu ilə birgə hallanır...
- Bu bərədə dəqiq nəsə demək çətindir. Lakin “Bakı”nın yaxşı kollektiv yığması barədə məlumatım var.

- Nəzərə alsaq ki, nişanlınız Tunc Afşar bu klubda vitse-prezident işləyib, oraya keçidiniz real variantdır. Ümumiyyətlə, gələcək həyat yoldaşınızın “Bakı” ilə yenə də əlaqəsi varmı?
- Əvvəlki kimi deyil. Hazırda o komandada vitse-prezident işini həyata keçirmir və oyunçu transferi ilə məşğul olmur. Lakin məsləhətçi kimi işini davam etdirir. “Bakı” voleybol klubuna gəlincə, Tunc bəyə hələ konkret nəsə deyilməyib. Əgər voleybolçu gətirmək məsləhət olarsa, bunu həyata keçirər.

- Hazırda İtaliyadan ayrılmısınız və Türkiyədə istirahət edirsiniz. Son mövsümün yorğunluğunu çıxara bilirsinizmi?
- Hər şey yaxşıdır. Türkiyədə özümü evimdəki kimi hiss edirəm. İstirahətim bitdikdən sonra Bakıya qayıdacağam.

- Bəs milli komandamızın düşərgəsinə nə vaxt qoşulacaqsınız?
- Mən iyunun 25-də Azərbaycan gələcəyəm və bundan sonra yığmanın təlim-məşq toplanışına qatılacağam.

- İtaliya və Azərbaycandan başqa digər ölkələrdən təklif gələrsə, bunu dəyərləndirmək fikriniz varmı?
- Niyə də olmasın? Peşəkar voleybolçu hər ölkədə oynamağa həvəsli olmalıdır. Lakin bu il çox güman ki, Bakıda çıxış edəcəyəm. Tunc bəy də menecer kimi mənə bunu məsləhət görür. İnşallah, tezliklə hər şeyə aydınlıq gələr.

- Bəs hazırda istirahət etdiyiniz Türkiyədə necə legioner həyatı yaşamanız mümkündürmü?
- Burada vəziyyət bir qədər çətinləşib. Çünki legioner limiti 2+1 olduqdan sonra transferlər də azalıb. Amma bu variantı da istisna etmirəm.

- Siz bu il ilk dəfə legioner həyatı yaşadınız. Maraqlıdır, Azərbaycandan və ailənizdən kənarda çətin olmadı ki?
- Fikrimcə, hansısa ölkədə çıxış etməyin yaxşı və pis cəhətləri var. Yaxşı cəhəti odur ki, dünya səviyyəli voleybolçularla təmasda olursan, bir komandada çıxış edirsən və gözəl təcrübə toplayırsan. Lakin mənfi tərəfi orada tək olmağın, yaxınlarından heç kimin olmamasıdır.

- “Skavolini”də çıxışınızı necə qiymətləndirirsiniz?
- Mən həyatımın ən gözəl günlərini orda keçirdim. Deyərdim ki, İtaliyada 4 ayda ömrümün ən yaxşı anlarını yaşadım. Lazımı təcrübə topladım ki, bu da gələcək karyeramda çox köməyimə gələcək.

- Yəqin ki, növbəti mövsümdə iddialı klubda çıxış etməyi planlaşdırırsınız. İtaliyaya transfer olunduğunuz “Azərreyl”ə qayıdışınız isə bir qədər çətin olacaq. Çünki sizin mövqeyində çıxış edən yığma komandamızın kapitanı Oksana Parxomenko artıq doğma kluba qayıdıb...
- Bilirəm. Artıq o, rəsmi müqaviləyə imza atıb. Mən isə hələ ki, götür-qoy edirəm. Çünki elə kluba qayıtmaq istəyirəm ki, daima ilk “6-lıqda” yer alım. Əsas məqsədim oynamaq, səviyyəmi daha da artırmaqdır.

- Belədə yenə “Bakı” variantı ortaya çıxır. Çünki ilk dəfə “Çelenc Cup”a qatılacaq komanda güclü kollektiv yığmağı planlaşdırsa da, hələ ki, yeni transfer həyata keçirməyib. Siz isə “Bakı”da əsas heyətə düşə bilərsiniz...
- Ola bilər. Hazırda ortada rəsmi söhbət olmadığından bu barədə fikir yürütmək bir qədər düz çıxmaz. Lakin onlar da bu il super transferlər həyata keçirəcəklər.

- Natəvan, bəlkə sizin transfer məsələnizi hələ dəqiqləşdirməməkdə bu il toy etmək planlarınız da var?
- Transferimə bunun maneçiliyi olmayacaq. Lakin bu variant var. Deyə bilərəm ki, tezliklə toy olacaq. Lakin mərasimin vaxtını açıqlaya bilmərəm.

- Amma yığmada komanda yoldaşlarınız – Oksana Parxomenko, Valeriya Korotenko və Şəfəq Kərimova bundan çəkinmədilər. Siz nə üçün toyun vaxtını sirr kimi saxlayırsınız?
- Vaxt deyəndə, nəsə mənə düşmür. Ötən il də müəyyən planlarımız var idi. Lakin dekabrda “Skavolini” məsələsi ortaya çıxdı və toy sonraya qaldı. Lakin bu il Tunc Afşarla rəsmi nikah bağlayacağımız dəqiqdir.

Tahir HÜMMƏTOV
0