“Rabitə”nin klublararası dünya çempionatında iştirakı təsdiqləndi
18.06.2011 - 10:37
“Rabitə”nin klublararası dünya çempionatında iştirakı təsdiqləndi
Qadın voleybolçulardan ibarət “Rabitə” klubu daha bir turnirə dəvət alıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu klublararası dünya çempionatına qatılacaq. Beynəlxalq Voleybol Federasiyası (FİVB) Avropa Çempionlar Liqasında iştirakı təsdiqlənən təmsilçimizi planetin ən nüfuzlu klub turnirinə dəvət edib.

Ötən mövsüm Avropa Çempionlar Liqasının finalında oynamaqla dünya çempionatına vəsiqə qazanan paytaxt klubunun FİVB-dən rəsmi dəvət alması onların yarışda iştirakını təsdiqləyib. Bu isə o deməkdir ki, “Rabitə” Azərbaycan idmanı tarixində ilkə imza atacaq. Belə ki, komanda idman növlərində heç bir Azərbaycan təmsilçisi dünya çempionatında çıxış etməyib.

Bu il oktyabrın 8-14-də Qətərin paytaxtı Dohada təşkil olunacaq FİVB klublararası dünya çempionatında “Rabitə”nin rəqibi olacaq komandalardan 3-nün də adı məlumdur. Belə ki öz qitələrinin çempionları “Kenya Prisons” (Afrika), “Caguas” (NORCECA) və VGSTT (Avropa) klubları da mundiala qatılacaq. Müvafiq olaraq Braziliya və Yaponiya təmsilçilərinin favorit olduğu Cənubi Amerika və Asiya Çempionlarının adları bəlli olandan sonra öz yerlərini tutacaqlar.

Qeyd edək ki, dünya çempionatının ilk mərhələsinin püşkatma mərasimi 26 iyun 2011 ci il tarixində Doha şəhərində keçiriləcəkdir.
Mənbə: rabitabaku.az
0