Bolqarıstan yığmasının üzvü Azərbaycana gəlməkdən imtina etdi - FOTO
22.06.2011 - 12:51
Bolqarıstan yığmasının üzvü Azərbaycana gəlməkdən imtina etdi - FOTO
Bolqarıstan yığmasının voleybolçusu Yelisa Vasileva Azərbaycana gəlməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, bunu idmançının özü yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı klublarının birindən sərfəli təklif alsa da, daha 1 il İtaliyanın “Foppapedretti” klubunda qalmağa üstünlük verib: “Mən çox fikirləşdikdən sonra daha 1 il İtaliyada oynamağa qərar verdim. Düzdür, növbəti mövsüm üçün 1 neçə təklifim var. Onlar müxtəlifdir, lakin İtaliyada daha bir mövsüm keçirmək istəyirəm. Bundan sonra isə digər ölkələrdə yeni komandalar axtaracağam. Məsələn, bu mövsüm Azərbaycandan çox yaxşı və cəlbedici təklif gəlmişdi. Həmçinin, Braziliyadan. Ora mənim üçün ekzotik ölkədir. Mən isə növbəti ildə daha səviyyəli voleybolçuların çıxış etdiyi və daha yaxşı maaş ödənilən çempionatlar axtaracağam”.

Qeyd edək ki, Vasileva çox güman Bakı “Lokomotiv”inin maraq dairəsində olub. Çünki bu klubu çalışdıran Draqutin Baltiç həmçinin Bolqarıstan yığmasına rəhbərlik edir. Bunun üçün də o, öz yetirmələrini klubda da sərəncamında görmək arzusundadır.
0