Əfran İsmayılov: “Banqa” ilə ilk oyunda meydana çıxmaq ehtimalım yüksəkdir
25.06.2011 - 13:17
Əfran İsmayılov: “Banqa” ilə ilk oyunda meydana çıxmaq ehtimalım yüksəkdir
“Məşq zamanı qaçanda topuğumda müəyyən ağrılar hiss etdim. Ayağımı yerə basanda daha çox hiss olunurdu. Amma şükür Allaha ki, müayinə zamanı ciddi bir şey çıxmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov klubunun rəsmi saytına açıqlamasında deyib. 22 yaşlı yarımmüdafiəçi Avroliqaya Türkiyədə hazırlıq çərçivəsində dünənki axşam məşqini yarımçıq buraxmalı olub. Dərhal Ankaraya həkim müayinəsi aparılan Əfranın zədəsi maqnit-rezonans müayinəsindən keçirilib. Nəticədə futbolçunun bir neçə gün məşq etməyəcəyi məlum olub.

Son durumu dəyərləndirən İsmayılovun sözlərinə görə, iyunun 30-da Litvanın “Banqa” ilə səfərdə keçiriləcək ilk oyunda meydana çıxmaq ehtimalı yüksəkdir: “2 gün istirahət etməliyəm. İnşallah, sonra məşqə başlayacağam. Belə baxanda, “Banqa” ilə oyunda meydana çıxma ehtimalım yüksəkdir. Çox istəyirəm ki, komandamın yanımda olum. İlk oyun çox vacibdir. İnşallah, “Banqa” ilə oyunda meydana çıxacağam. Bunun üçün nə lazımdısa edəcəyəm”.
0