Bakı klubları üçün Rumıniya, Kipr və Macarıstan komandaları
27.06.2011 - 09:01
Bakı klubları üçün Rumıniya, Kipr və Macarıstan komandaları
Lüksemburqda voleybol üzrə CEV kuboku və “Çelenc Cup” yarışlarının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu turnirlərdə ölkəmizin idman şərəfini qoruyacaq Bakının “İqtisadçı”, “Lokomotiv” və “Bakı” klublarının rəqibləri müəyyənləşib.

CEV kubokunda qüvvəsini sınayacaq “İqtisadçı” ilk mərhələdə Rumıniyanın “Dinamo Romprest” komandası ilə qarşılaşacaq. Paytaxt klubu mərhələ adlayacağı halda “Yamamay” (İtaliya) – “Le Kannet” (Fransa) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

“Çelenc Cup”da debüt edəcək “Bakı” mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq. Komandamızın rəqibi Kiprin “Famagusta” klubu olacaq. “Bakı”dan fərqli, “Lokomotiv” yarışa II təsnifat mərhələsindən qatılacaq. “Çelenc Cup”ın finalçısı Macarıstanın “Budapeşt” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, CEV kubokunun ilk oyunları 29 noyabr – 1 dekabr, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək. “Çelenc Cup” turniri isə 8 və ya 9 oktyabrda start götürəcək. 2-ci matçlar isə 15 və ya 16 oktyabrda baş tutacaq.
0