Xorvatiya millisinin üzvü Azərbaycan çempionatında!
28.06.2011 - 15:26
Xorvatiya millisinin üzvü Azərbaycan çempionatında!
Bakının “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı Xorvatiya milli komandasının toppaylayıcısı Marina Katiçin keçidini həll edib.

1983-cü il təvəllüdlü voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 183 sm boya malik Katiç 2000-dən Xorvatiya yığmasının şərəfini qoruyur.

Marinanın ilk peşəkar klubu isə yerli “Kastela” olub. O, 1998-2002-ci və 2005-2006-cı illərdə bu komandanın şərəfini qoruyub. Katiç həmçinin, İtaliyanın “Despor Perouse” (2002-2004), “Forli” (2007-2008) və “Rebeççi” (2009-2010), Fransanın “Villebon 91” (2004-2005), İsveçrənin “Volero” (2006-2007), Yunanıstanın “İraklis” (2008-2009) və Türkiyənin “Ereğli Bələdiyyə” (2011) klublarında çıxış edib.

Qeyd edək ki, “İqtisadçı” xorvatiyalı voleybolçudan öncə çexiyalı Kristina Patsulova, hollandiyalı Alisa Blom və yaponiyalı Yuko Sano ilə müqavilə imzalamışdı.

Tahir HÜMMƏTOV
0