Azərbaycan çempionundan möhtəşəm transfer!
29.06.2011 - 08:53
Azərbaycan çempionundan möhtəşəm transfer!
Azərbaycanı Çempionlar Liqasında və klublararası dünya çempionatında təmsil edəcək Bakının “Rabitə” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, bu yarışlarda qarşısına ciddi məqsədlər qoyan “rabitəçilər” Serbiya yığmasının 4-cü zona hücumçusu Yasna Maystroviçi rənglərinə bağlayıb.

Azərbaycan çempionu 27 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalayıb. Yığmanın heyətində 2007-ci ildə keçirilən Avropa çempionatına gümüş mükafat qazanan Maystroviç son movsümdə Rumıniya “Konstanka”sında oynayıb və çempion adını qazanıb. O, həmçinin “Beşiktaş” (Türkiyə), “Volero” (İsveçrə), “Yedinstvo” və “Postar” (hər ikisi Serbiya) kimi güclü klubların şərəfini qoruyub.

4 dəfə Serbiya çempionatının və kubokun qalibi olan Yasna Bakının “Azərreyl” komandasına da rəqib olub. O, 2002-ci ildə “Top-komandalar” kubokunun finalında “Yedinstvo”nun heyətində voleybolçularımıza qarşı çıxış edib və gümüş medalla kifayətlənib.

180 sm boya malik olan 4-cü zona hücumçusu top qəbulu komponentində kifayət qədər inamlı təsir bağışlayır və “Rabitə”nin arxa zonadakı oyununa güc qatacağı proqnozlaşdırılır

Qeyd edək ki, “Rabitə” Maystroviçdən öncə xorvatiyalı Nataşa Osmokroviç, bolqarıstanlı Dobriana Rabadjiyeva və almaniyalı Keti Radzuveyti transfer etmişdi. Ötən ilki heyətdən isə Natalya Məmmədova (Azərbaycan), İrina Jukova (Ukrayna), Kimberli Qlass (ABŞ), Nataşa Krsmanoviç, Mira Qoluboviç, Silviya Popoviç və Sanya Staroviçlə (hamısı Serbiya) müqavilələri yeniləmişdi.
0