Hollandiya milli komandasının oyunçusu “Bakı”da!
12.07.2011 - 14:07
Hollandiya milli komandasının oyunçusu “Bakı”da!
Bu il ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “Bakı” voleybol klubu klubu növbəti transfer bombalarını partladıb. Apasport.az saytının məlumatına görə, avrokubokda debüt edəcək paytaxt təmsilçisi Hollandiya milli komandasının lideri İnqrid Visser və İtaliya yığmasının aparıcı voleybolçusu Rafaella Kalloninin keçidini həll edib. Onlarla 1 illik müqavilə imzalanıb.

34 yaşlı Visser 191 sm boya malikdir. Milli komandasının heyətində Avropa çempionatının qızıl, gümüş medalını qazanan və Dünya Qran-prisinin qalibi olan hollandiyalı 2009-cu ildən şərəfini qoruduğu İspaniyanın “Mursiya” klubundan transfer olunub. 466 dəfə millisinin formasını geyinən İnqrid İspaniyanın “Tenerife” komandası ilə Çempionlar Liqasını (2004), İtaliya “Viçenza”sı ilə isə CEV kubokunu (2001) başı üzərinə qaldırıb. O, Azərbaycan yığmasına qarşı da dəfələrlə oynayıb.

Karyerası ancaq vətəni ilə bağlı olan Rafaella məşhur “Novara” ilə 2005-ci ildə “Top-komandalar” kubokuna sahib olub. 187 sm boya malik 28 yaşlı voleybolçu həmçinin, “Jesi” ilə “Çelenc Cup”ı (2009), “Novara” ilə İtaliya Super kubokunu (2005) və son komandası olan “Villa Korteza” ilə ölkə kubokunu qazanıb (2011).

Qeyd edək ki, “Bakı” bu voleybolçulardan öncə braziliyalı oyunçular - Renata Kolombo (Renatinya), Barboza Cibele və Alessandra Fratonini, habelə, baş məşqçi postuna onların həmyerlisi Ancelo Vercesini gətirmişdi.

Tahir HÜMMƏTOV
0