Azərbaycan çempionu Avropanın ən yaxşısı seçildi
18.07.2011 - 10:21
Azərbaycan çempionu Avropanın ən yaxşısı seçildi
Qadın voleybolçular arasında Avropa Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını “Rabitə” klubu ilə Azərbaycan çempionu olmuş Nataşa Krsmanoviç və Silviya Popoviçin şərəfini qoruduğu Serbiya millisi qazanıb.

Onlar finalda Türkiyəyə 3:0 hesabı ilə qalib gəliblər. Avro-2011-in həlledici mərhələsində Azərbaycan voleybolçularının rəqibi olacaq hər 2 komandanın dueli isə cəmi 81 dəqiqə çəkib.

Belə ki, ilk setdə 25:17 hesabı ilə “ay-ulduzlular”ı məğlub edən serblər növbəti hissədə 25:21 hesablı qələbəyə seviniblər. Son setdə 25:23 hesabı qeydə alınıb.

Avropa Liqasının bürünc mükafatı isə Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin çalışdırdığı Bolqarıstan milli komandasına qismət olub. Onlar III yer uğrunda görüşdə Çexiya yığmasına 3:0 hesabı ilə qalib gəliblər.

“Rabitə”nin voleybolçusu Krsmanoviç isə Avropa Liqasının ən yaxşı blokçusu seçilib.
0