“Dəvət olsa, “Beşiktaş”ı Bakıya gətirərəm”
18.07.2011 - 23:08
“Dəvət olsa, “Beşiktaş”ı Bakıya gətirərəm”
“Azərreyl” və “Şirvan” voleybol klublarının sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Adnan Kistakın apasport.az saytına müsahibəsi

- Azərbaycana necə səssiz-səmirsiz gəlmişdinizsə, elə də tərk etdiniz. Artıq “Beşiktaş”la rəsmi müqaviləyə imza atmısınız...
- Bəli, tamamilə doğrudur. Mən bu komandanı çalışdıracağam.

- Ölkəmizə iddialı gəlmişdiniz. Bəs 2 illik müddətdən sonra Azərbaycanı tərk etməyinizə nə səbəb oldu?
- Bunun müəyyən səbəbləri var. Ailə problemləri olduğu üçün İstanbulda qalmağa qərar verdim. Azərbaycana gəlməyi hər zaman çox istəyirəm. Ölkənizdə özümü əla hiss edirəm və orada hər hansı çətinliklə üzləşməmişəm. İnşallah, problemlərimi həll etdikdən sonra Azərbaycana qayıtmağı hər zaman düşünürəm.

- Ailə problemləri elə ciddidirmi?
- Xeyr, sadəcə 2 ildir Azərbaycanda idim. Uşaqlarımla, ailəmlə olmaq və onların hansısa problemlərini birgə həll etmək istədim.

- Bəlkə Azərbaycanda getməyinizdə başqa problem var? Ola bilərmi ki, son çalışdırdığınız “Şirvan” fəaliyyətini dayandırsın?
- Xeyr. Bu bərədə nəsə deyə bilmərəm. Klubla bağlı bütün məsələləri Azərbaycan Voleybol Federasiyanın vitse-prezidenti Faiq Qarayev bilir.

- Azərbaycanda 2 ildə 2 klubda – “Azərreyl”də və “Şirvan”da çalışdınız. “Dəmiryolçularla” ölkə kubokuna sahib oldunuz. Ümumilikdə, Azərbaycandakı işinizi necə qiymətləndirirsiniz?
- Mən işlədiyim komandalarda heyətimiz geniş deyildi. Lakin digər klublar daha yaxşı oyunçulardan qurulmuşdu. Düzdür, bu, mənim üçün heç vaxt fərq etməyib. Çünki hər zaman çalışan adamam. Xüsusilə, gənclərlə işləmək ürəyimcədir. Yəqin ki, təkrarən yenidən Azərbaycana dönəcəyəm. Azərbaycan Voleybol Federasiyasına, Faiq Qarayevə, ölkənizdəki bütün voleybolçulara, voleybolsevərlərə və sizin saytınıza təşəkkürümü bildirirəm. Ölkənizdə məni tanıyanların hamısına da salamımı göndərirəm.

- Siz son ildə “Şirvan”la yanaşı, Azərbaycanın gənc qızlardan ibarət milli komandasında da çalışırdınız. Bu vəzifəniz necə olacaq? Təlim-məşq toplanışlarında Bakıya gələcəksinizmi?
- Xeyr. Buna görə də məyusam. Çünki uşaqlar əla hazırlaşırdılar. Yaxşı kollektiv formalaşmışdı. Onlarla çalışmağı çox istəyirəm. Amma hələ ki, bu baş tutmayacaq.

- Bəs yığmada çalışdığınız azərbaycanlı voleybolçulardan “Beşiktaş”a aparmağı planlaşdırırsınızmı?
- Mümkün deyil. Bizdə legioner limiti var ki, yalnız 2 əcnəbinin xidmətindən yararlana bilərik. Bunun üçün də bu legionerlərin daha təcrübəli olması vacibdir. Amma belə olmasa, təbii ki, bu variantı reallaşdırardım.

- “Beşiktaş”ı Azərbaycana gətirməyi fikirləşmirsiniz ki? Gələcəkdə Bakıda təlim-məşq toplanışı keçə bilərsinizmi?
- Bu, ola bilər. Azərbaycandakı turnirlərə qatılmağı, birgə məşq etməyi də planlaşdırırıq. Ola bilər ki, yığmanızın Avropa çempionatının finalına hazırlığı ilə bağlı ölkənizdə turnir də keçirilsin və “Beşiktaş”ı Bakıya dəvət edərlərsə, gələrik.

- Bəs komandanızın hədəfiniz nə olacaq? Çünki bu il yalnız Türkiyə Super Liqasında iştirakla kifayətlənəcəksiniz...
- Düzdür, növbəti mövsümdə komandamız avrokuboklarda iştirak etməyəcək. Bunun üçün əsas vəzifəmiz əla komanda yaradaraq, gələn il Avropaya vəsiqə qazanmaq olacaq.

Tahir HÜMMƏTOV
0