Lidiya Maksimenko milli komandanın hazırlığına qatılmır
19.07.2011 - 12:37
Lidiya Maksimenko milli komandanın hazırlığına qatılmır
Avro-2011-in final mərhələsinə hazırlaşan voleybolçu qadınlardan ibarət Azərbaycan millisi ilk təlim-məşq toplanışını yekunlaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Qubada təlim-məşq toplanışında olan yığmamız iyulun 27-də hazırlığının ilkin mərhələsini başa vuraraq Bakıya dönəcək.

Bundan sonra qısa istirahətə buraxılacaq voleybolçular avqustun əvvəlində yenidən 1 araya gələcək. Həmin vaxt isə Faiq Qarayevin yetirmələrinin hazırlığı harada davam etdirəcəyi dəqiqləşməyib.

Belə ki, Voleybol Federasiyası komandamızı yoxlama oyunları keçirmək üçün ya xaricə yollamağı, ya da Bakıda bir neçə millinin iştirakı ilə beynəlxalq turnir təşkil etmək üzərində işləyir. Amma çox güman ki, II variant reallaşacaq. Buna isə yaxın günlərdə aydınlıq gələcək.

Hazırlığa gəlincə, məşqlərdə Faiq Qarayevin yetirmələrindən yalnız Lidiya Maksimenko iştirak etmir. Ukraynalı legionerimizdən fərqli, yenicə evlənmiş Oksana Parxomenko və Onat Kurt da komandanın düşərgəsinə gəliblər.

Bu arada Voleybol Federasiyası millimizi yeni avtobusla da təmin edib.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 23 sentyabr – 2 oktyabrda İtaliya və Serbiyada təşkil olunacaq. Yığmamız həlledici oyunlarda Türkiyə, İtaliya və Xorvatiya voleybolçuları ilə B qrupunda yer alıb.
0