“Fluminense”də oynadı, Azərbaycana gəldi!
25.07.2011 - 10:33
“Fluminense”də oynadı, Azərbaycana gəldi!
Bakının “İqtisadçı” klubu növbəti transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı Braziliya milli komandasının aparıcı voleybolçusu Veronika Britonu rənglərinə bağlayıb.
1986-cı ildə anadan olan Brito ilə 1 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisinə Braziliyanın “Pinheyros Maskenzye” komandasından transfer olunub.

“İqtisadçı”nın yeni transferi 15 yaşından öz ölkəsinin əsas yığmasına cəlb edilib və 2 dəfə Cənubi Amerika çempionu (2002, 2004) adını qazınıb. O, həmçinin dünya çempionatının qızıl (19 yaşlılar arasında, 2005) və bürünc (2003) medallarına sahib olub. 2006-cı ildə isə Panamerika Kubokunun üçüncüsü olub.

Brito klub karyerası isə əsasən öz ölkəsi ilə bağlıdır. Belə ki, onun ilk peşəkar komandası məşhur “Fluminense” (2001-2003) komandası olub. 184 sm boya malik voleybolçu daha sonra “Oy Kampos” (2003-2005), “Minas” (2005-2007), “Brazil Telecom” (2007-2009) və “Bruskue-Pomerode” klublarının da şərəfini qoruyub. O, bu komandalarla Braziliyada demək olar ki, bütün mükafatlara sahib olub.

Qeyd edək ki, “İqtisadçı” Veronikadan öncə xorvatiyalı Marina Katiç, amerikalı Cennifer Doris və çexiyalı Kristina Pastulovanın transferini reallaşdırmışdı. Ötən ilki heyətdən isə Yuko Sano (Yaponiya) və Alisa Blomla (Hollandiya) müqavilənin müddəti artırılıb.
0