Şoliç söz verdi: Növbəti mövsümdə layiqli mövqelərdə qərarlaşacağıq
02.08.2011 - 09:04
Şoliç söz verdi: Növbəti mövsümdə layiqli mövqelərdə qərarlaşacağıq
“Yeni mövsümə hazırlıq yaxşı keçdi. Bunun üçün hər bir şərait yaradılmışdı. Gözəl meydançalar, yüksək səviyyəli otel və ideal hava şəraitində çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın xorvatiyalı futbolçusu Aleksandar Şoliç klubunun rəsmi saytına açıqlamasında deyib. Növbəti mövsümə hazırlığı dəyərləndirən təcrübəli yarımmüdafiəçi gələcəyə nikbin baxır: “Mövsümə ciddi hazırlaşmışıq. Bundan sonra çempionatı gözləmək qalır. İlk turdan meydandan qələbə ilə ayrılıb, məqsədə doğru irəliləməliyik. Yoldaşlıq görüşlərində qələbə qazana bilməməyimiz önəmli deyil. Yeni komanda qurulub və bir qədər vaxt lazımdır ki, hər şey qaydasına düşsün”.

Şoliç avqustun 7-də ilk turda səfərdə görüşəcəkləri “Qəbələ”nin yaxşı klub olduğunu bildirib: “Hər oyuna olduğu kimi, bu matça da yalnız qələbə qazanmaq məqsədi ilə çıxacayıq. İlk oyunu süni meydanda keçirməliyik. Bu amil bizə müəyyən çətinlik yaradacaq. Ancaq çalışmalıyıq ki, bu oyunda qələbə qazanıb çempionata uğurlu start verək”.

Legioner özünün da yaxşı oyun göstərməli olduğunu anlayır: “Bilirəm ki, “Bakı” azarkeşləri məndən yalnız yaxşı oyun gözləyirlər. Buna söz verirəm, ancaq ən əsası komandanın inamlı oyunudur. Biz kollektiv olaraq qələbələr qazanmalıyıq. Futbolçu isə bir oyunla həm sevilə, həm də gözdən düşə bilər. Çalışacağam ki, hər oyun meydanda var gücümü qoyum, qollarımla azarkeşlərimizi sevindirim”.

Aleksandar azarkeşlərə müraciət edib: “Tərəfdarlarımıza stadionlara gəlib, bizə dəstək vermələrini xahiş edirəm. “Bakı” azarkeşləri çox etibarlıdır, onlar uğursuz anları komandanı tərk buraxmayıblar. Çətin durumlardan birgə çıxmağı bacarmaq lazımdır. İnanıram ki, bu il komandamız layiqli mövqelərdə qərarlaşacaq”.
0