ABŞ milli komandasının daha bir üzvü Bakı klubunda!
03.08.2011 - 12:15
ABŞ milli komandasının daha bir üzvü Bakı klubunda!
Son 2 mövsümdə Azərbaycan Superliqasının qalibi olan “Rabitə” voleybol klubu növbəti transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, ikiqat ölkə çempionu ABŞ milli komandasının istedadlı top ötürücüsü Meri Nelli Spayserin keçidini həll edib. “Rabitə” yeni legioneri ilə 1 mövsümlük müqavilə bağlayıb.

1987-ci il doğumlu oyun qurucusu 175 sm boya malikdir. Yığmasının heyətində 2005-ci ildən etibarən müxtəlif turnirlərdə cəlb olunan gənc voleybolçu ölkəsinin ən istedadlı ötürücülərindən biri hesab olunur. Son mövsümü Polşa çempionatında “Budqoş” komandasında keçirən Spayser inamlı oyunu ilə yetərincə çoxlu azarkeş rəğbəti qazanıb.

Hazırda millisinin düşərgəsində olan Merinin 4-18 noyabr aralığında Yaponiyada milli komandalar arasında təşkil olunacaq Dünya kubokundan sonra “Rabitə”nin düşərgəsinə qoşulması gözlənilir.

Bu transferlə çempionda çıxış edən amerikalı voleybolçuların sayı 2-yə yüksəlib. “Rabitə” ötən mövsüm də onun şərəfini qoruyan digər amerikalı oyunçu Kimberli Qlassla da müqavilə yeniləyib. Kimberli da Spayser kimi Yaponiyadakı yarışdan sonra Bakı təmsilçisinin hazırlığına qatılacaq. Belə ki, Amerika Voleybol Federasiyasının qərarına əsasən milli komandanın bütün oyunçuları yalnız Dünya kuboku turnirindən sonra müqavilə bağladıqları klubların düşərgəsinə yollana bilərlər. Bu isə o deməkdir ki, “Rabitə” 8-14 oktyabrda Doha şəhərində təşkil olunacaq FİVB Klublararası Dünya çempionatında bu iki amerikalı voleybolçunun xidmətindən istifadə edə bilməyəcək.

Xatırladaq ki, “Rabitə” dünən daha bir supertransfer həyata keçirmişdi. Komandamız Türkiyə yığmasının şərəfini qoruyan Pelin Çeliklə rəsmi müqaviləyə imza atmışdı.
0