Azərbaycan yığması İsraillə yoldaşlıq görüşü keçirəcək
04.08.2011 - 23:01
Azərbaycan yığması İsraillə yoldaşlıq görüşü keçirəcək
Azərbaycan voleybol millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə İsrailə yola düşüb. Bu barədə apasport.az saytına yığmanın üzvü Natəvan Qasımova məlumat verib. 26 yaşlı idmançının bildirdiyinə görə, komanda 10 gün İsraildə qalacaq: “İsrail komandası səviyyəlidir. Bu səbəbdən baş məşqçi Faiq Qarayev bizim İsraildə təlim-məşq toplanışı keçirməyimizi məqsədəuyğun hesab etdi. Hazırlıq dövründə sözügedən ölkənin milli komandası ilə bir neçə yoxlama oyunu da nəzərdə tutulub”.

“Bakı” klubunun voleybolçusu onu da əlavə edib ki, zədə səbəbindən cərrahiyyə əməliyyatından sonrakı bərpa dövrünü qaydasında keçirir. Amma dizindəki ağrılar hələ tam bitməyib: “Məşq vaxtı dizimdə ağrılar hiss edirəm. Həkimlər deyirlər ki, bu, təbiidir. Tam sağalmağım üçün müəyyən vaxt lazımdır. Çətinliklərin öhdəsindən gələcəyimə isə, əminəm”.
0