Zaur Paşayev: İlk görüşdəki qələbəni unutmuşuq
10.08.2011 - 11:34
Zaur Paşayev: İlk görüşdəki qələbəni unutmuşuq
“Hazırlığımız əla keçdiyindən Albaniya ilə oyuna tam hazırıq. II dövrəyə qələbə ilə başlamağı planlaşdırırıq”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının basketbolçusu Zaur Paşayev deyib.

O bildirib ki, Avropa çempionatının B divizionunun II dövrəsində qarşılaşacaqları Albaniya yığması bu dəfə fərqli oyun nümayiş etdirəcək: “Sözün düzü, albanlar bizə ilk matçdan öncə zəif rəqib kimi yanaşırdı. Lakin rəqibimizi səfərdə 81:63 hesabı ilə məğlub etdiyimizdən onlar Bakıda özlərini tam fərqli göstərməyə çalışacaqlar. Lakin bu, bizi çəkindirmir. Əsas məqsədimiz yalnız qələbə olduğundan, meydana arxayın çıxmayacağıq. Yəni, ilk görüşdə rəqibi məğlub etməyi artıq unutmuşuq. Həmin hesab ötən ildə qaldı. Avqustun 12-də hər şey yenidən başlayacaq. Fikrimcə, azarkeşlərimizi sevindirəcəyik”.

Paşayev qələbə qazanacaqlarına söz də verib: “Bu tək mənim deyil, bütün komandanın istəyidir. Məncə, meydandan qalib ayrılacağıq”.

Qeyd edək ki, 4 turdan sonra 3-cü pillədə olan Azərbaycan yığması Albaniyanı avqustun 12-də “Sərhədçi” Olimpiya Mərkəzində qəbul edəcək.
0