“Azərbaycan yığması çox güclüdür, meydana qələbə üçün çıxacaq”
10.08.2011 - 13:31
“Azərbaycan yığması çox güclüdür, meydana qələbə üçün çıxacaq”
“Rəqibimiz son 2 ayda güclü hazırlıq keçib. Onlar hətta Türkiyədə təlim-məşq toplanışında olub, komandanı lazımı formaya çatdırıblar”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Albaniya millisinin baş məşqçisi Fatmir Cuka deyib.

O, avqustun 12-də Avropa çempionatının B divizionunda qarşılaşacaqları Azərbaycan yığmasını güclü sayır. Lakin Cuka komandamız barədə ətraflı məlumat toplasa da, millimizin aparıcı üzvü Çarlz Devisin zədələnməsindən xəbərsizdir: “Mən dostlarım vasitəsi ilə rəqib barədə ətraflı məlumat toplamışam. Onların 1 neçə görüşlərinin video kasetlərini də əldə etmişəm. Deyə bilərəm ki, Azərbaycan millisinin heyətində olan amerikalı legioner (Çarlz Devisi nəzərdə tutur) oyunun taleyini tək həll etmək gücündədir. O, çox istedadlıdır. Həmin basketbolçu, həmçinin Türkiyə çempionatının da güclülərindən hesab edilir”.

Albaniyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan yığması çox güclü olsa da, meydana qalib gəlmək üçün çıxacaqlar: “Bilirəm, rəqibimiz əla kollektiv formalaşdırıb, çox əla komandaya çevrilib. Onlar çox güclüdür, meydana qalib gəlmək üçün çıxacaqlar. Lakin biz də qələbə qazanmaq arzusundayıq”.

Qeyd edək ki, I dövrədə keçirilən Albaniya – Azərbaycan matçında həmyerlilərimiz 81:63 hesabı ilə qələbə qazanmışdı.
0