Millimizin kapitanı: Biz buna öyrəşməliyik
10.08.2011 - 14:48
Millimizin kapitanı: Biz buna öyrəşməliyik
“Bu mərhələnin oyunları bir qədər çətin olacaq. Çünki son oyunlarda bütün komandaların yalnız bir fikri var – növbəti mərhələyə yüksəlmək”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının basketbolçusu Tahir Baxşıyev deyib.

Təcrübəli kapitanı heyətdə baş alıb gedən zədə epidemiyası qayğılandırır. Onun sözlərinə görə, Avropa çempionatının B divizionu çərçivəsində qarşılaşacaqları Albaniya ilə matçdan sonra çox məsələyə aydınlıq gələcək: “Heyətimizin aparıcı üzvü Çarlz Devisi itirməyimiz bir qədər pis oldu. Düzdür, onu digər legioner Spenser Nelson əvəzləyəcək. Onların mövqelərində isə az da olsa fərqlilik var. Amma buna artıq öyrəşməliyik. Bununla yanaşı, Rasim Başak da ayağındakı zədədən əziyyət çəkir. Biz qələbə üçün oynayacağıq. Ancaq bu istək oyunun yekununda bilinəcək. Bir sözlə, Albaniya ilə matçdan sonra hər şey aydınlaşacaq. Qələbə hər birimizdə gözəl əhval-ruhiyyəyə yaradacaq, psixoloji baxımdan növbəti oyunlarda köməyimizə gələcək”.

Baxşıyevin sözlərinə görə, albanlarla matçda bütün güclərini sərf edəcəklər ki, onlarla eyni xala malik İsveç və Rumıniya millilərindən geri qalmasınlar. Düzdür, Tahir Albaniya basketbolçularının A divizionuna yüksələcəyinə inanmasa da, rəqiblərimiz - İsveç, Rumıniya və Belarusun bu gücdə olduğu qənaətindədir.

Qeyd edək ki, Azərbaycan – Albaniya görüşü avqustun 12-də keçiriləcək.
0