Millimizin baş meneceri: Biz gücümüzü itirmişik
12.08.2011 - 10:13
Millimizin baş meneceri: Biz gücümüzü itirmişik
“Albaniya ilə görüşün hazırlığını Türkiyə və Azərbaycanda keçmişik. Fikrimcə, biz normal hazırlıq keçsək də, problemlərlə qarşılaşdıq. Vacib oyunçularımızı itirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş meneceri türkiyəli Levent Türknaz deyib.

Kişi basketbolçulardan ibarət millimiz Avropa çempionatının B divizionunda bu gün Albaniya seçməsi ilə görüşəcək. "Sərhədçi"də keçiriləcək qarşılaşma ərəfəsində millimiz vacib oyunçularından məhrum olub.

Türknaz bildirib ki, əsas basketbolçuların yoxluğu komandanı gücdən salıb: "Çarlz Deyvis ciddi xəsarət alıb. Bir başqa əcnəbini isə Azərbaycana gətirə bilmədik. Bundan əlavə, türkiyəli Rasim Başak və Amil Həmzəyəv də zədələniblər. Başakın oynamayacağı dəqiqdir. Amil isə yüngül məşqlərə başlayıb və həmin qarşılaşmada bizə kömək edə bilər. Məncə, biz gücümüzü itirmişik. Buna rəğmən, Albaniya üzərində qələbə qazanmağa çalışacağıq. Fikrimcə, bizimlə görüşdə Albaniya elə də ciddi üstünlüyə malik deyil".

Türknaz vacib oyunöncəsi azarkeşlərdən də kömək istəyib: "İstəyirəm ki, azarkeşlər bizə dəstək olsunlar. İtirdiklərimizi onların sayəsində bərpa edə bilərik".

Qeyd edək ki, Azərbaycan ilk oyunda məğlub etdiyi Albaniyanı bu gün saat 19:00-da növbəti dəfə sınağa çəkəcək.
0