“Bu, mənə qarşı hörmətsizlikdir” - MÜSAHİBƏ
12.08.2011 - 10:34
“Bu, mənə qarşı hörmətsizlikdir” - MÜSAHİBƏ
Bolqarıstan millisinin baş məşqçisi Draqutin Baltiç radikal islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Bakının “Lokomotiv” klubunda da eyni vəzifədə çalışan sloveniyalı mütəxəssis “dəmiryolçuların” heyətində rəhbərliyi altında oynayan bolqar voleybolçulardan imtina edib. O, paytaxt komandasının üzvləri – Diana Nenova, Mariya Filipova və az öncə bu kluba gətirmək istədiyi Yeva Yanevanın (yeni mövsümdə Moskva “Dinamo”sunda oynayacaq) adını Avropa çempionatının final mərhələsindəki heyətə salmayıb. Bu isə voleybolçulara pis təsir edib. Bolqarıstanlı həmkarlarımız “Lokomotiv”in üzvü Filipovadan bu barədə müsahibə alıblar. Mariya isə yığmada olan problemlərin Bakıda yaşanmayacağını bildirib.

- Təxminən 1 ay öncə Avropa Liqasından kənarda qaldıqdan sonra belə bir təəssürat yaranmışdı ki, bu, sizin üçün milli komandada sonuncu oyun ola bilər...
- Qətiyyən, yox. Nə federasiya, nə də məşqçilər korpusundan heç bir göstəriş olmayıb. Hərçənd, onlar milli komandada radikal dəyişikliklər edirlər. Türkiyədə olanların hamısına xüsusi proqramlar verildi. Bununla fasilə müddətində fiziki formanı yaxşı saxlamaq olur.

- Siz artıq yığmanın üzvü deyilsiniz?
- Qızlar mənə dedilər ki, internetdə rəsmi siyahı açıqlanıb. Mən və “Lokomotiv”də komanda yoldaşım Diana Nenova siyahıya daxil edilməmişik. Bundan sonra mən millinin meneceri Valio Pomakova zəng etdim.

- Yığmanın baş məşqçisi Draqutin Baltiçlə bu mövzuda söhbətiniz olubmu?
- Türkiyədəki finaldan sonra onunla görüşməmişəm. Baltiç məni siyahıya daxil etmədikdən sonra onunla əlaqə saxlamağa cəhd etdim. Ancaq telefon zənglərimə cavab vermirdi. Növbəti gün mənə deyildi ki, federasiya yığmanı gəncləşdirməyi qərara alıb və mən də buna görə heyətdə deyiləm.

- Bu qalmaqal nə səbəbdən baş verir? Əgər Avropa Liqasında siz Türkiyəni məğlub etsəydiniz, bunlar olardımı?
- Fikrimcə, elə də böyük qalmaqal olmayıb. Bu, Türkiyədə Avropa Liqasına vəsiqəni itirdiyimizdən sonra emosiyaların nəticəsi olan bir reaksiya idi. Qızlar əmin idilər ki, biz türklərə qalib gələ bilərik.

- Necə hesab edirsiniz: bu, tək baş məşqçinin qərarıdır, yoxsa başqa müdaxilələr də var?
- Sonradan məşqçi mənə dedi ki, bu federasiyanın qərarıdır. Amma bütün mətbuata yalnız onun qərarı olduğunu deyib. Mən həqiqətən bilmirəm ki, nə düşünüm. Nə düzdür, nə səhvdir...

- Siz unikal komandada idiniz. Buradan kənarlaşdırılmağınızı nə ilə izah edərdiniz?
- Qızların çoxu ilə bir yerdə böyümüşük. Bizim bir-birimizə dost kimi böyük inamımız var. Fikirləşirdik ki, komanda kimi həmişə bir yerdə olacağıq. Fərq ondadır ki, son bir ildə məşqçilər korpusu komandanın bir hissəsi idi. Ancaq indi...

- İndi özünüzü necə hiss edirsiniz? Bu hal daxilən sizi narahat etmir ki?
- Narahatlıq var. Komandanın belə bölünməsinə görə də məyusam. İndiyə kimi qızların çoxu məni hər mənada dəstəkləyirlər. Yaxşı ki, onlar var. Ancaq mən hələ də yetərincə özümə gələ bilməmişəm. Fikrimcə, bu, mənə qarşı hörmətsizlikdir. Həm bir şəxsiyyət, həm də bir voleybolçu kimi. Biz Bolqarıstan milli komandasının şərəfini həmişə uca tutmuşuq.

- Demək olarmı ki, artıq sizin üçün yığmanın qapıları bağlanıb?
- Millinin qapıları heç vaxt bağlı ola bilməz. Mənim üçün həmişə ilk növbədə yığmada oynamaq şərəf məsələsi olub.

- Yığmada baş verənlərə bir izahınız var?
- Müxtəlif mülahizələr eşitmişəm. Ancaq onları şərh etməyəcəyəm. Qızlara ürəkdən uğurlar arzulayıram.

- Avro-2011-də millidən nə gözləyirsiniz?
- Mən məşqçilərinin ilk “altılığa” düşmək vədinə əməl etməsini istəyirəm.

- Bəs Bakıya nə vaxt yollanacaqsınız?
- Avqustun 15-də komandamız Bakıda toplanacaq və hazırlığa başlayacağıq. Azərbaycanda növbəti mövsüm çox güclü çempionatın keçəcəyini vəd edir. Bundan əlavə, məqsədimiz “Çelenc Cup”da qələbədir.

- Baltiç həm də “Lokomotiv”də baş məşqçinizdir. Onunla gələcək işbirliyinizi necə görürsünüz?
- Mən tərəfdən hər şey tam peşəkar səviyyədə olacaq. Yığma ilə klub tam fərqlidir. Ümid edirəm ki, Draqutin üçün də belə olacaq.

- Qorxmursunuz ki, Baltiçlə millidəki problemləriniz klubdakı vəziyyətinizə də mənfi təsir edə bilər?
- Yox. Biz kifayət qədər yetkin insanlarıq. Bundan əlavə, biz voleybolla yaşayırıq. Baş verənlər keçmişdə qalır və biz indi gələcəyə baxmalıyıq.
0