“Lokomotiv” 5 voleybolçu ilə hazırlığa başlayır
13.08.2011 - 13:59
“Lokomotiv” 5 voleybolçu ilə hazırlığa başlayır
Bakının “Lokomotiv” voleybol klubunun növbəti mövsüm üçün hazırlıqlara başlayacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da Azərbaycanı təmsil edəcək “dəmiryolçular” avqustun 15-də bir araya gələrək, təlim-məşq toplanışına start verəcəklər.

İlkin olaraq, məşqlərdə Mariya Filipova, Olqa Palçevskaya, Diana Nenova, Aleksandra Samoylova və Vera Klimoviç iştirak edəcəklər. Daha sonra Rusiyadan baxışa dəvət olunan bir neçə voleybolçu hazırlığa qatılacaq. Yekunda isə onlardan ən yaxşı 2 və ya 3-ü ilə müqavilə imzalanacaq.

“Lokomotiv”in legionerlərindən Nansi Metkalf və Kremena Kamenova məşqlərə bir qədər gec qoşulacaqlar.

Qeyd edək ki, ötən il “dəmiryolçuların” heyətində yer alan Azərbaycan milli komandasının üzvləri – Yelena Parxomenko və Oksana Məmmədyarova ilə hələ danışıqlar yekunlaşmayıb. Əgər onlarla razılıq əldə edilərsə, bu voleybolçular Avropa çempionatının final mərhələsindən sonra düşərgəyə gələcəklər.
0