Çempionlar Liqasındakı rəqiblərimiz mövsümü açdılar
16.08.2011 - 10:52
Çempionlar Liqasındakı rəqiblərimiz mövsümü açdılar
“Rabitə” və “Azərreyl” voleybol klublarının Çempionlar Liqasındakı rəqibləri “Fənərbaxça” və “Vakıfbank Günəş Sığorta” hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçiləri təlim-məşq toplanışlarını tam heyətlə keçə bilmirlər.

Belə ki, Azərbaycan çempionu “Rabitə” ilə B qrupunda yer alan “sarı-lacivərdlilər”in hazırlığında 9 voleybolçu – Seda Tokatlıoğlu, Nihan Güneyligil, İpək Soroğlu, Naz Aydəmir, Seda Uslueryüz, Merve Dalbeler, Duyğu Bal, Didem Ege və Yağmur Koçyiğit iştirak edirlər. Onlar baş məşqçi Ze Roberto deyil, bizim üçün də tanış olan milli komandamızın sabiq üzvü Yelena Şabovtanın həyat yoldaşı Kamil Sözün rəhbərliyi altında hazırlaşırlar. İlk məşqlərə Roberto ilə yanaşı, Eda Erdem, Yeon Kim və Loqan Tom qatılmayıblar.

“Azərreyl”in rəqibi “Vakıfbank Günəş Sığorta” isə yeni mövsümü cəmi 4 voleybolçu ilə açıb. Heyətin bir çox üzvü milli komandalarının heyətində yer aldığından təlim-məşq toplanışına Songül Dikmən, Melis Gülkaynak, Ceren Kəstirəngöz və Nilay Özdemir qatılıblar.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasının B qrupunda “Fənərbaxça”, “Myulhaus” və “Drezdner”, “Azərreyl” isə D qrupunda “Foppapedretti”, “Vakıfbank Günəş Sığorta” və “Konstanta” komandaları ilə mübarizə aparacaq.
0