“İqtisadçı”nın “evrika”sı – Erika!
16.08.2011 - 14:15
“İqtisadçı”nın “evrika”sı – Erika!
“İqtisadçı” daha bir ulduz voleybolçunu Azərbaycana gətirib. Apasport.az saytının məlumatına görə, universitet komandası Braziliya yığmasının 4-cü zona oyunçusu Erika Koimbranı transfer edib. 2000-ci ildən milli komandasının şərəfini qoruyan 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

180 sm boya malik Koimbra son mövsümü “Qalatasaray”da keçirib. Karyerası əsasən vətəni ilə bağlı olan Erika 2000-ci ildə yığmasının heyətində Sidney Olimpiadasında bürünc mükafata sahib çıxıb.

Koimbra 2004-də Dünya Qran-Prisinin qalibi, 6 dəfə Braziliya çempionu olub. 2003-cü ildə dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxan “İqtisadçı”nın yeni transferi bundan 4 il sonra Panamerika kubokunda da eyni əyarlı medalı boynundan asıb.

Qeyd edək ki, paytaxt təmsilçisi Erikadan öncə heyətinə 8 legioner qatmışdı. Cennifer Doris (ABŞ), Veronika Brito (Braziliya), Marina Katiç (Xorvatiya), Kristina Pastulova (Çexiya) və Masami Yokoqama (Yaponiya) ilə yeni müqavilə imzalayan “İqtisadçı” ötən ilki heyətdən Yuko Sano (Yaponiya), Alisa Blom (Hollandiya) və Tayyubu Xaneef-Parkı (ABŞ) komandada saxlayıb. Baş məşqçi postu isə italiyalı Emanuele Sbanoya etibar edilib.
0