“Qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədik”
19.08.2011 - 12:15
“Qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədik”
“Qarşıya qoyulan vəzifəni tam yerinə yetirə bilmədik. Biz aktiv müdafiə gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bunu Belarusa məğlubiyyətdən (74:87) kişi basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Elşən Yusubov deyib.

O bildirib ki, Avropa çempionatının B divizionunda Belarusla görüşdən öncə rəqibin oyununu analiz etsələr də, onlarla ayaqlaşa bilməyiblər: “Rəqibin yaxşı atış edən basketbolçularını öyrənmişdik. Onları ilk hissədə diqqətdən buraxdıq. İkinci yarıda isə rəqiblə ayaqlaşmağa çalışdıq. Ancaq məğlubiyyətdən qaça bilmədik. Belarusu yaxşı oyun münasibəti ilə təbrik edirəm”.

Yusubov yerli basketbolçuların oyun təcrübəsindən də şikayətlənib: “Bizdə 5-6 nəfər daim oynayır. Sadəcə, onlar xaricdə oyun təcrübəsinə malikdirlər, peşəkardırlar. Bizim yerli basketbolçuların isə oyun təcrübəsi çox azdır. Ola bilsin ki, onlara daha çox oynamaq imkanı verməyimiz lazım idi”.

Qeyd edək ki, Bakıda Belarusa qalib (83:79) gələn millimiz səfərdə bu uğuru təkrarlaya bilməyib.
0