“Baş məşqçi kimi nə etməliyəmsə, etmişəm və edəcəyəm”
22.08.2011 - 11:38
“Baş məşqçi kimi nə etməliyəmsə, etmişəm və edəcəyəm”
“İsveç millisi ilə səfərdəki matçda ilk oyundakı 31 xallıq fərqi aradan qaldırmaq heç də asan olmayacaq”. Bunu apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Millimizin Avropa çempionatının B divizionunun II dövrəsində keçirdiyi 3 oyundan razı qalan Əliyev bildirib ki, federasiya rəhbərliyinin ciddi səyi nəticəsində əla komanda formalaşıb: “Biz 7 matçdan 5-də qələbə qazanmışıq. Bu, Azərbaycan millisi üçün yeni uğurdur. Düzdür, Belarusla səfər matçında uduzduqdan sonra basketbolçuların üstünə çox qışqırdım. Amma sonradan fikirləşdim ki, bu həmin rəqibdir ki, bizi əvvəlki seçmə mərhələdə Bakıda 52, səfərdə 71 xal fərqi ilə məğlub etmişdi. Bunları deməkdə əsas məqsədim odur ki, yığmamızın bu mərhələdə çıxışı uğurludur. Demək olar ki, qrupda yerimizi təmin etmişik”.

Əliyevin sözlərinə görə, son matçda İsveçlə oyunda da qələbə qazanmağı planlaşdırırlar: “Sözün düzü, yeni reqlamentə əsasən hələ bilmirik ki, 1-ci və ya 2-ci yeri tutsaq, hansı fərq olacaq. Çünki növbəti ildən B divizionu olmayacaq. Amma buna baxmayaraq, səfərə qələbə üçün yollanırıq. Rəqibin güclü olmasına baxmayaraq, nəyi bacarırıqsa, onu da edəcəyik. İnanıram ki, seçmə mərhələnin son görüşünü əla ab-hava ilə yekunlaşdıracağıq. Bir sözlə, mən baş məşqçi kimi nə etməliyəmsə, etmişəm və edəcəyəm də”.

Qeyd edək ki, Azərbaycan milli komandası qrup mərhələsinin son matçında səfərdə İsveç yığmasının qonağı olacaq.
0