Azərbaycan millisini tərifləyib, zəif saydı
24.08.2011 - 16:25
Azərbaycan millisini tərifləyib, zəif saydı
“Hazırlıqlarımız çox əla gedir. Oyunçuların 70 faizi hazırdır. Keçirəcəyimiz yoldaşlıq görüşləri ilə 100 faiz tamamlanacaq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə milli komandasının baş məşqçisi Marko Aurelio Motta deyib.

Avropa çempionatının finalında Xorvatiya, Azərbaycan və İtaliya ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın braziliyalı çalışdırıcısı rəqiblərin gücünü müqayisə edib: “Qrupda yalnız biz 1-ci olmağı hədəfləmişik. Xorvatlar Maja Poljak və Nataşa Osmokroviç (“Rabitə”nin şərəfini qoruyur) kimi təcrübəli voleybolçuları heyətə çağırsalar güclü komanda olacaqlar. Əgər bu oyunçulardan imtina edilərsə, bir qədər zəifləyəcəklər. Azərbaycan və İtaliya isə əla komandalardır. Qrup mərhələsini birinci yerdə bitirsək, növbəti mərhələdə asan rəqiblə oynamaq şansımız var. İkinci olsaq, Rusiya ilə oynamaq ehtimalımız yüksəkdir”.

Mottanın sözlərinə görə, Avro-2011-in əsas favoriti Rusiya voleybolçularıdır: “Mən onları digər yığmalardan üstün görürəm. Biz isə İtaliya, Almaniya, Hollandiya, Serbiya və Polşa milliləri ilə eyni səviyyədəyik. Amma final mərhələsində hazırlıq da mühüm rol oynayacaq və komandaların tutacaqları yerdə məhz bu amilin də rolu böyükdür”.

Qeyd edək ki, Avro-2011-in həlledici mərhələsi sentyabrın 22-dən oktyabrın 2-dək İtaliya və Serbiyada keçiriləcək.
0