Millimizin üzvü Türkiyə klubundan kənarlaşdırıldı
27.08.2011 - 11:33
Millimizin üzvü Türkiyə klubundan kənarlaşdırıldı
Azərbaycan yığmasının basketbolçusu Aleksandr Rındin Türkiyənin “Türk Telekom” klubundan ayrılıb. Bu barədə apasport.az saytına məlumatı Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas verib.

Onun sözlərinə görə, “Türk Telekom”un gənclər komandası belə növbəti mövsüm üçün Rındinin xidmətində maraqlı olmayıb: “Artıq Aleksandrı Türkiyəyə bağlayan heç nə yoxdur. O, millinin son oyunundan sonra Rusiyaya yollanıb. Hazırda Rındinin transferi ilə məşğulam. Türkiyədə bir neçə menecerə onu təklif etmişəm. Yəqin ki, yaxın günlərdə onun taleyinə aydınlıq gələr”.

Türknas bildirib ki, basketbolçumuza qonşu ölkədə elçi düşməsə, çox güman yenidən Azərbaycana qayıdacaq: “Rındin üçün ölkə xaricində komanda tapmasaq, onu Bakıya gətirmək məcburiyyətindəyik. Çünki millinin əsas heyət üzvüdür və ən azından məşq etməsini təmin etməliyik. Axırıncı variant kimi isə Azərbaycan klublarından biri də ola bilər”.

Qeyd edək ki, Aleksandr ötən mövsümün əvvəlindən “Türk Telekom”a keçsə də, əsas heyətdə oynamadı. Öncə zədələnən Rındin ardınca əvəzedici komandaya yollandı. O, burada da günlərini əsasən ehtiyat oyunçular skamyasında keçirdi.
0