Pelin Çelik: “Rabitə”də xoşbəxt olmayan yoxdur
05.09.2011 - 09:40
Pelin Çelik: “Rabitə”də xoşbəxt olmayan yoxdur
“Bakıya gəldiyim ilk gündən mənə çox kömək edən bir qrupun içindəyəm. Menecerimiz, idman direktorumuz və klubumuzda hər bir şəxs məni hələ yalqız buraxmayıblar”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” klubunun türkiyəli voleybolçusu Pelin Çelik deyib.

Təcrübəli voleybolçu Türkiyə mətbuatına verdiyi açıqlamasında ölkəmizə gələn gündən xoş rəftar gördüyünü bildirib. Onun sözlərinə görə, artıq “Rabitə” ailəsinin bir üzvünə çevrilib: “Burada qısa bir vaxtda səmimi və dostcasına əlaqələr qurmuşam. Voleybolçulara gəlincə, onların çoxu eyni ölkədən olduğu üçün ayrı qalacağımı düşünürdüm. Amma heç də mən düşünən kimi olmadı. Nə meydanda, nə də kənardan onlardan ayrı olmuram”.

29 yaşlı oyun qurucusu Bakıda keçirdiyi Ramazan bayramına da toxunub: “Bayramda komanda yoldaşlarımın hamısını təbrik etdim. Şokolad alaraq, hamısına payladım. Baş məşqçimiz Zoran Qayiçin əllərindən öpdüm və çətinliklə ondan bayram xərcliyi aldım. Ardınca isə söylədim ki, bizdə Ramazanda məşq etmirlər. Lakin ona bu söhbəti başa sala bilmədim”.

Çelik bildirib ki, klublararası dünya çempionatına hazırlaşan “Rabitə”də əhval-ruhiyyə çox yüksəkdir: “Məşqlərdə çox çalışırıq. Amma komandada mənim diqqətimi əsas çəkən odur ki, burada xoşbəxt olmayan yoxdur. Legionerlərimiz çoxdur. Hamı ailəsindən uzaqdadır. Lakin bütün voleybolçular bir-birlərinə kömək etməyə çalışırlar”.

Azərbaycan çempionunun yeni transferi ölkəmizə gəldikdən sonra 3 dili birdən öyrəndiyini deyib: “Azərbaycan, rus və serb dillərini yavaş-yavaş mənimsəyirəm. Günlər ötdükcə mən də buradakı həyata öyrənirəm. Hətta artıq serbcə mahnı da oxumağa belə başlamışam”.
0