“Fənərbaxça”nın ulduzlarından biri Bakıya gəlir
06.09.2011 - 09:37
“Fənərbaxça”nın ulduzlarından biri Bakıya gəlir
Növbəti mövsümdə qarşısına ciddi məqsədlər qoyan Bakının “İqtisadçı” klubu heyətini daha bir ulduz voleybolçu ilə gücləndirmək arzusundadır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, universitet komandası Rusiya yığmasının və “Fənərbaxça”nın aparıcı üzvü Lyubov Sokolovaya elçi düşüb.

Artıq bu transferi “İqtisadçı”nın vitse-prezidenti Seymur Orucov da təsdiqləyib. Klub rəsmisinin sözlərinə görə, onlar Sokolova ilə danışıq masasına oturmağa hazırlaşırlar: “Qarşıdakı günlərdə rusiyalı voleybolçunun komandamıza keçidini həll etmək istəyirik. “Fənərbaxça”nın bəzi futbolçularını satdığı üçün Sokolovanın da transferində bizə kömək edəcəyini düşünürük. Belə uğurlu karyerası olan voleybolçu yalnız komandamızın gücünə güc qatacaq”.

Qeyd edək ki, 33 yaşlı Sokolova Rusiya yığmasının heyətində 2 qat dünya çempionu (2006, 2010) və 1 dəfə mundialın bürünc mükafatçısı (1998) olub. O həmçinin Avropa çempionatlarında da eyni titula sahibdir: 2 dəfə qızıl (1999, 2001) və 1 dəfə bürünc medal (2007). Bununla yanaşı, 2 dəfə Olimpiya Oyunlarının finalında (2000, 2004) oynayan Sokolova dünya Qran-prisində də bütün mükafatları qazanıb.

Karyerası ərzində 6 ölkənin 12 klubunda forma geyinən rusiyalı voleybolçu Türkiyə, İspaniya və Rusiya çempionluğunu və bu ölkələrin kubokunu qazanıb. Lyubov həmçinin, “Mursiya” (İspaniya) ilə CEV kubokunu (2007), “Fənərbaxça” ilə klublararası dünya çempionatının qızıl (2010) və Çempionlar Liqasının bürünc medalına (2011) sahib olub.
0