“Azərreyl”in voleybolçusu İtaliyada, “Bakı”nın üzvü Polşada fərqləndi
12.09.2011 - 13:40
“Azərreyl”in voleybolçusu İtaliyada, “Bakı”nın üzvü Polşada fərqləndi
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan İtaliya və Xorvatiya yığmaları müxtəlif beynəlxalq turnirlərdə güclərini yoxlayıblar. Apasport.az saytının məlumatına görə, qrupumuzun favoritlərindən olan italiyalılar doğma divarlar arasında Serbiya və İspaniya voleybolçuları ilə qarşılaşıblar.

Rəqibimiz “Palladium Cup” adlı yarışda keçirdiyi hər 2 matçda 3:0 hesabı ilə qələbə qazanaraq, turniri birinci yerdə başa vurublar. Bu matçlarda Bakının “Azərreyl” klubunun yeni transferi Sara Anzanello də çıxış edib. İspanlarla görüşdə 10 xal qazanan “dəmiryolçu” serblərdən də 4 xal almağı bacarıb.

Lakin Azərbaycan çempionları Silviya Popoviç və Nataşa Krsmanoviç Serbiya yığmasının heyətində yer alsalar da, onlar matçları ehtiyat voleybolçular skamyasından izləyiblər.

Faiq Qarayevin yetirmələrinin digər rəqibi olan Xorvatiya yığması isə Polşada keçirilən beynəlxalq turnirdə nəyə qadir olduğunu göstərib. Rusiya və Polşaya həlledici setdə uduzan sabiq yuqoslaviyalılar yalnız Slovakiyaya qalib gəlməyi bacarıblar. Nəticədə onlar turniri üçüncü yerdə başa vurublar. Lakin xorvatların heyətində “Bakı”nın yeni transferi Bilyana Gliqoroviç yarışın ən yaxşı toppaylayıcısı seçilib.

Rəqibimiz həmçinin keçirdiyi yoxlama matçlarında “İqtisadçı” ilə Super Liqanın bürünc mükafatını qazanan və hazırda Bakı klubunun yeni müqavilə üçün danışıqları davam etdirdiyi İliyana Duqandziçə də şans verib. O hər 3 matçda start heyətdə meydana çıxıb və sona kimi oynayıb.

“Palladium Cup”
İtaliya - İspaniya - 3:0 (25:19, 25:17, 25:14)
Serbiya - İspaniya - 3:0 (25:20, 25:17, 25:21)
İtaliya – Serbiya - 3:0 (26:24, 25:20, 25:17)

“Memorial Aqata Mroz”
Rusiya - Xorvatiya – 3:2 (25:20, 24:26, 25:21, 21:25, 15:12)
Polşa - Slovakiya - 3:0 (25:14, 25:17, 25:20)
Rusiya - Slovakiya - 3:0 (25:23, 25:14, 25:21)
Polşa - Xorvatiya - 3:2 (25-16, 23-25, 21-25, 25-14, 15-12)
Xorvatiya - Slovakiya - 3:0 (25:23, 25:16, 25:17)
Polşa - Rusiya – 2:3 (25:22, 22:25, 19:25, 25:21, 11:15)
0