Millimizin baş məşqçisi həyəcan siqnalı çalır
19.09.2011 - 16:35
Millimizin baş məşqçisi həyəcan siqnalı çalır
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin “Çelenc Cup”da iştirakı sual altına düşüb. Bu barədə məlumatı apasport.az saytına yığmanın baş məşqçisi Hikmət Abdullayev verib.

O bildirib ki, noyabrın 3-də Maltada start götürəcək yarışa yollanmaya bilərlər: “Təbii ki, burada əsas səbəb maliyyə problemidir. Komanda yarışa tam hazırdır. Amma hələ də bilmirik ki, səfərə yollanacağıq, yoxsa yox. Özü də buraya əsasən gənclər gedəcəklər. Bu həndbolçular isə millinin gələcək nəslidir”.

Abdullayevin sözlərinə görə, belə davam edərsə əziyyətlə yetişdirdiyi yeniyetmələr də özlərinə digər sahələrdə iş axtarmaq məcburiyyətində qalacaqlar: “Bizdə peşəkar bir klub yoxdur. Əsasən ölkənin aparıcı uşaqlarını yığmanın düşərgəsinə cəlb etmişik. Lakin belə getsə onlar da özlərinə başqa peşə seçməli olacaqlar”.

Qeyd edək ki, Maltada baş tutacaq “Çelenc Cup”da ev sahibləri və Azərbaycanla yanaşı, Moldova və Finlandiya komandaları da qüvvələrini sınayacaqlar. Noyabrın 3-də start götürəcək yarış isə 3 gün davam edəcək.
0