Yığmamızın üzvləri türk klubunda oynamaqdan imtina etdilər
19.09.2011 - 16:59
Yığmamızın üzvləri türk klubunda oynamaqdan imtina etdilər
Azərbaycan millisinin aparıcı həndbolçuları Emin Aydəmirov və Kamran Alxazov “Trabzonspor”la növbəti mövsüm üçün müqavilə bağlamaqdan imtina ediblər. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Hikmət Abdullayev verib.

O bildirib ki, ötən il Türkiyədə çıxış edən 4 həndbolçumuzdan artıq 2-si vətənə qayıdıb: “Emin və Kamran Bakıya qayıdıblar. Ancaq həndbol komandasına deyil, xarici şirkətlərdən birində iş təklifi aldıqları üçün bu addımı atıblar. Çünki Türkiyədə aylıq məvacibləri 700-800 avro təşkil edirdi ki, onu da burada rahat ailələrinin yanında qazanırlar. Fikrimcə, bu addım ehtiyacdan atılıb və onlar buna baxmayaraq, məşqləri də buraxmırlar”.

Abdullayevin sözlərinə görə, məhz milli komandanın məşqləri bu həndbolçuların iş rejiminə əsasən müəyyənləşdirilib: “Mən millimizin əsas heyətinin üzvlərini nəzərə alaraq, hazırlıq vaxtlarında dəyişiklik etmişəm. Çünki onların komandamız üçün formada qalması vacibdir. Bunu nəzərə alaraq məşqləri axşam saatlarına keçirmişik ki, onlar da bizimlə hazırlaşsın”.

Qeyd edək ki, Emin Aydəmirov və Kamran Alxazov “Trabzonspor”a ötən il transfer edilmişdilər.
0