Natəvan Qasımova: Artıq bizim də sözümüzü deməyin vaxtı çatıb
20.09.2011 - 12:00
Natəvan Qasımova: Artıq bizim də sözümüzü deməyin vaxtı çatıb
“İspaniyada hazırlığımızın son günüdür. Sabah İtaliyaya yollanırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova deyib.

Toppaylayıcımız sentyabrın 23-də start götürəcək Avropa çempionatının final mərhələsində məqsədlərini açıqlayıb. Yeni mövsümdə “Bakı”nın şərəfini qoruyacaq Qasımova bildirib ki, hazırda Barselonada son məşqlərini keçirilər: “Komandada hər şey əladır. Hazırlıq yüksək səviyyədə gedir. İnanıram ki, təlim-məşq toplanışında çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək”.

Qasımovanın sözlərinə görə, artıq uğur qazanmağın əsl vaxtıdır: “Səbirsizliklə gözlədiyimiz gün – Avropa çempionatının final mərhələsi yaxınlaşır. Həmin gün həqiqətən də bizim üçün gözəl bayram olacaq və biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycana bayram sevincini yaşadaq. Artıq Alla Həsənovasız, Yelena Şabovtasız bizim də sözümüzü deməyin vaxtı çatıb”.

Natəvan final mərhələsində çıxış edəcək milliləri fərqləndirməyib: “Avropada oynayan 16 komandanın hamısı güclüdür. Həmçinin, qrupumuzda kifayət qədər əla kollektivlər var. Əlbəttə ki, mən öz komandamızı da həmin ən güclülərdən sayıram və heç birindən zəif olmadığını da əminliklə deyə bilərəm. Ən azından ilk növbədə “dördlüy”ə düşməyi planlaşdırırıq. Bundan sonra bütün gücümüzü ortaya qoyub çalışmalıyıq ki, vətənə medalla qayıdaq”.

Qeyd edək ki, final mərhələsi sentyabrın 23-də start götürəcək Avropa çempionatı oktyabrın 2-dək davam edəcək. Milli komandamız Türkiyə, Xorvatiya və İtaliya yığmaları ilə B qrupunda mübarizə aparacaq.
0