Esra Gümüş: Azərbaycan yığmasında problem var
21.09.2011 - 12:08
Esra Gümüş: Azərbaycan yığmasında problem var
“Bolqarıstan, Almaniya və Hollandiya ilə yoxlama görüşləri keçirdik. Komandada hər şey əladır. İtaliyaya çempionluq üçün yollanırıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının voleybolçusu Esra Gümüş deyib.

Təcrübəli voleybolçu Avro-2011-lə bağlı məqsədlərini açıqlayıb. Azərbaycanla eyni qrupda yer alan “ay-ulduzlular”ın üzvü komandamız barəsində heç də xoş olmayan sözlər deyib: “İlk matçımız Azərbaycanla olacaq. Eşitmişik ki, onlarda problem var. Zədə ilə bağlı çətinlik olduğunu və heyətin tamamlanmadığını barədə məlumatlıyıq. Ancaq indi hansı vəziyyətdədirlər, bunu dəqiq bilmirik”.

Gümüş qrupumuzda yer alan İtaliya və Xorvatiya milliləri barədə də danışıb: “Əsas rəqibimiz İtaliyadır. Düzdür, onları Qran-Pridə izləmişik. Lakin rəqib bu yarışda tam heyətlə oynamırdı. İndi isə daha da gücləndiklərindən ən əhəmiyyətli oyunumuz da məhz onlarla olacaq. Xorvatiyada isə bir çox voleybolçular düşərgəyə yeni yollanıblar.

Klubumuzdakı 2 xorvat da bugünlərdə yığmaya gedib. Onlarda da məşqçi problemi var idi. Lakin sonda bunun necə həll olunduğunu deyə bilmərəm. Bütün bunlara baxmayaraq, hələ ki ilk matçda görüşəcəyimiz
Azərbaycanla oyuna köklənirik. Çünki yarışa necə başlasaq, elə də davam edəcəyik”.
0