Neslihan millimizə qarşı oynamayacaq?
22.09.2011 - 15:40
Neslihan millimizə qarşı oynamayacaq?
“Avropa çempionatı çox çətin bir yarışdır. İddialı olan 6-8 komanda var və qalib olan da çox kiçik fərqlə çempionluğu bayram edir”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Marko Aureilo Motta deyib.

Braziliyalı mütəxəssis sabah start götürəcək Avro-2011-ə münasibət bildirib. O ilk görüşdə oynayacaqları Azərbaycan milli komandasının hücum xəttini güclü saysa da, müdafiədə boşluqların olduğunu bildirib: “Qrupumuzda yer alan komandalardan İtaliya çox təcrübəli və uzun müddət bir yerdə oynayan voleybolçulardan təşkil olunub. Bunun üçün oturuşmuş heyətləri var. Xorvatiyanın da ayrı-ayrılıqda gözəl oyunçuları var. Onlar qısa bir zamanda toplandılar və Maja Poljak kimi güclü voleybolçuya məxsusdurlar. Azərbaycan isə tor üzərində, hücumda əla oynayır. Amma arxa xəttdə - müdafiədə promlemləri var”.

Mottanın sözlərinə görə, lider Neslihan Darnel Azərbaycan yığmasına qarşı oynaması sual altındadır: “Çətin qrupda yer almışıq. Bunun üçün diqqətli olaraq, hər bir komandaya qarşı yaxşı oynamalıyıq. Lakin Eda Erdem zədəlidir. Neslihanın isə durumunu bir daha nəzərdən keçirəcəyik. O tam hazır deyil. Son görüşlərdə də Darnelsiz oynamışıq. Təbii ki, o komanda üçün çox vacib voleybolçudur. Amma görüş öncəsi əlimizdə ən yaxşı formada olanlarla oynayacağıq. Belə vəziyyət isə ehtiyatda oturanlar üçün əla fürsət olacaq”.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı sabah keçiriləcək.
0