Millimizdən uğursuz start - YENİLƏNİB
23.09.2011 - 23:52
Millimizdən uğursuz start - YENİLƏNİB
Bu gün İtaliya və Serbiyada qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 16 komandanın mübarizə apardığı həlledici mərhələdə Azərbaycan yığması ilk matçını Türkiyəyə qarşı keçirib.

Təəssüf ki, Faiq Qarayevin yetirmələri meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. Düzdür, komandamız oyuna yaxşı başlayıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən təmsilçilərimiz sonda 25:23 hesabı ilə qalib gəliblər. Lakin bu millimiz üçün sonuncu olub.

Fasilədə Türkiyə yığmasının baş məşqçisi Marko Aureilo Mottanın etdiyi dəyişiklik görüşün axarına təsirini göstərib. Rəqib ardıcıl 3 setdə voleybolçularımıza çətin anlar yaşadaraq, həlledici mərhələyə qələbə ilə başlayıb.

Son setdə komandamız hətta ikinci texniki fasiləyə 3 top irəlidə yollansa da, sonda məğlubiyyətlə barışıb. Halbuki ən azından bu hissədə qalib gəlmək Faiq Qarayevin yetirmələrinə 1 xal qazandıracaqdı.

Qrupumuzda keçirilən digər oyunda İtaliya millisi Xorvatiyanı məğlub edib. Komandamız bu gün italiyalılarla, Türkiyə isə Xorvatiya ilə qarşılaşacaq.

B qrupu

Türkiyə - Azərbaycan - 3:1 (23:25, 25:17, 25:19, 25:21)
İtaliya - Xorvatiya - 3:0 (25:19; 25:20; 25: 19)
0