“Onu gənc yaşlarından tanıyır və bəyənirəm” - MÜSAHİBƏ
23.09.2011 - 12:06
“Onu gənc yaşlarından tanıyır və bəyənirəm” - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Faiq Qarayev Türkiyənin məşhur voleybolmagazin.com saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qardaş ölkədə işlədiyi günləri yada salıb və bu gün start götürəcək Avropa çempionatında Azərbaycan və Türkiyənin şanslarını dəyərləndirib.

- Uzun illər Türkiyə voleyboluna - həm klub, həm də milli komandaya rəhbərlik etmisiniz. Hazırda “ay-ulduzlular”a baxanda, illər sonra hansı hadisələri müşahidə edirsiniz?
- Türk voleyboluna baxdıqda çox perspektivli gənc idmançılar görürəm. 1995-ci ildən sonra yığmanın 1997, 1998 və 1999-cu illərə baxdıqdan gənclərdən ibarət komandalar Avropa və dünya çempionatlarına getdilər. Hazırkı əsas millidə oynayanların 80 faizi aşağı yaş qruplarından gəliblər. Yəni, Türkiyə də voleybola sərmayə qoydu. Dəyərli əcnəbi və türk məşqçilər gəldi. Keçmiş SSRİ dağıldıqdan sonra çətin günlər dövrünü də məhz bu ölkədə keçirdim. Amma məni qardaş ölkədə bütün voleybol ailəsinin köməyi sayəsində əcnəbi kimi hiss edilmədim. Bunun üçün də hamıya təşəkkürümü bildirirəm.

- Ötən mövsüm Azərbaycan klubları çox böyük uğurlara imza atdılar. “Rabitə” Çempionlar Liqasında ikinci, “Azərreyl” “Çelenc Cup”a sahib oldu. Necə fikirləşirsiniz, bu uğurların Azərbaycan milli komandasına da böyük xeyri dəyəcəkmi?
- Komandalarda yeniyetmə voleybolunda inkişaf olmasa yığma uğurlu ola bilməyəcək. Millimizin güclü olması üçün çox ciddi peşəkar əvəzedicilər lazımdır. Türkiyədə də bu problem var. Burada voleybol oynamaq istəyən də çoxdur. Lakin onları yetişdirmək üçün gözəl mütəxəssislər lazımdır.

- Azərbaycanda klubların heyətinə baxdıqda legionerlərin çoxluğu diqqət çəkir. Türkiyə də yeni mövsümdən 2+1 sisteminə keçəcək. Bunun bizə hansı faydası olacaq? Belə bir üsullarla yığmamıza daha çox voleybolçu yetişdirmə şansımızı necə görürsünüz?
- Əgər voleybolçu perspektivlidirsə, legioneri də heyətdən sıxışdırır və özü üçün komandada yer edir. Keçmişə nəzər salsaq, Türkiyədə də 6 legionerlə oynayan klublar var idi. Bundan sonra sizdə də voleybol yüksəlməyə başladı. Yəni tamaşaçı maraqlı və baxımlı oyunlara gəlir. Bu gün Azərbaycanda da bu qədər əcnəbiyə yer verdikdən sonra bunu hiss edirik. Millətimiz voleybolu sevir və ulduz oyunçular Bakının mərkəzindən kənarda belə qarşılaşmaları izləməyə gəlirlər. Voleybol Azərbaycanda bir nömrəli idman növüdür. Çünki ölkəmizi bütün dünyaya tanıdır.

- Millinizin hücum xətti çox güclü olmasına baxmayaraq, vaxt ötdükcə top qəbulunda problemləriniz var. Azərbaycan yığmasının üstünlüklərini və zəif nöqtələrini necə açıqlayardınız?
- Düzdür, müdafiədə zəiflik var. Avropa çempionatı ərəfəsində onun üstündə işləmişik. Fiziki cəhətdən və hücum xəttində heç bir problemimiz yoxdur. Təcrübəli voleybolçuların yanında gənclər çox yaxşı çalışırlar.

- Bu gün start götürəcək Avropa çempionatının finalında komandanız Türkiyə ilə eyni qrupda yer alıb. İtaliya və Xorvatiya da rəqiblərinizdir. Belə bir qrupda millinizin şanslarını necə dəyərləndirərdiniz?
- Bir baş məşqçi özünü şanslı görmədiyi zaman heç vaxt işləməməlidir... Türkiyə yığması İtaliya və Xorvatiya millisi kimi çox güclü və təcrübəlidir. Bizim voleybolçular gəldikdə deyim ki, Avro-2009 ərəfəsində 2 aparıcı oyunçumuz zədələndi və iynə ilə meydana çıxdılar. Bu dəfə də bu səbəbdən biz heç bir beynəlxalq turnirə qatılmadıq. Çünki zədələr çox idi. Buna baxmayaq, Avropa çempionu olmağı hədəfləmişik. Türkiyə ilə qarşılaşma ilk matç olduğundan isə bizim üçün çox çətin bir oyun olacaq. Təki finalda qarşılaşaydıq... Amma bu idmandır və hər 2 yığma çıxıb oynayacaq.

- Türkiyə komandasına nəzər yetirdikdə millinizə ən çox çətin anları hansı xəttimiz yaşadacağını düşünürsünüz?
- Sizin yığmanızı çox yaxşı tanıyıram. Ən güclü yeriniz müdafiədir. Bununla yanaşı kifayət qədər ulduz voleybolçularınız da var – Neslihan, Eda, Gülden kimi... Baş məşqçiniz Motta da çox təcrübəli çalışdırıcıdır. Komandanı necə oynadacağını isə bilmirəm. Amma voleybolçularınızın oyununa bələd olduğumdan taktikanı onlara uyğun quracağam.

- Azərbaycan milli komandasının ən güclü hücumçusu Natalya Məmmədova və Türkiyə yığmasının “vuran əli” Neslihan Darneli necə müqayisə edərdiniz?
- Hər ikisi də ulduz voleybolçulardır. Amma onların heç biri komandanın “yükünü” tək daşıya bilməzlər. Neslihanın yaxşı oynaması üçün toppaylayıcının onu lazımı toplarla təmin etməsi də lazımdır. Dispetçerin gözəl ötürməsi üçün isə liberonun əla top qəbul etməsi lazımdır. Yəni toppaylayıcı – hücumçu və libero ümidləri doğruldarsa komandanın 4, 5 və 6-cı voleybolçusu da yaxşı oynayar. Bu mənada Neslihanın da, Məmmədovanın da işi çox çətindir. Mən Darnelə uğurlar arzulayıram. Onu gənc yaşından tanıyır və bəyənirəm. Bu voleybolçuların özlərini oyuna çox ciddi kökləməsi lazımdır.
0