Yığmamız xal üzünə həsrətdi - YENİLƏNİB
25.09.2011 - 00:25
Yığmamız xal üzünə həsrətdi - YENİLƏNİB
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ikinci matçını keçirib. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan komandamız son qitə çempionu İtaliya yığması ilə qarşılaşıb.

Həlledici mərhələyə Serbiya ilə birlikdə ev sahibliyi edən Apennin təmsilçisi həmyerlilərimiz üçün bu dəfə də arzuolunmaz rəqib olduqlarını bir daha sübut ediblər. Belə ki, indiyə kimi final mərhələsində italiyalılarla 3 dəfə qarşılaşan və hər üçündə “quru hesabla” uduzan komandamız tilsimi yenə qıra bilməyib. Lakin Monzada keçirilən matçda fərq yalnız voleybolçularımızın rəqibdən 1 set almalarında olub – 1:3.

Düzdür, Faiq Qarayevin yetirmələri bu oyunda 1 xal da qazana bilərdilər. Lakin ilk setdə məğlubiyyətdən sonra ikinci hissədə 6 top irəlidə olan (22:16) millimiz sonda qələbəni italiyalılara hədiyyə ediblər. Onlar bunun əvəzini üçüncü setdə çıxsalar da, rəqib sensasiyaya imkan verməyib. İtaliya xorvatların ardınca Azərbaycan komandasını da məğlub edərək, növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Aktivində 6 xal olan italiyalıları 3 xalla Xorvatiya və Türkiyə voleybolçuları izləyir. Azərbaycan yığması isə hələ də xala həsrətdir.

Qeyd edək ki, həmyerlilərimiz sabah xorvatlarla üz-üzə gələcək. Komandamız növbəti mərhələyə yüksəlmək üçün onları 3:0 və ya 3:1 hesabı ilə məğlub etməlidir.

B qrupu
20:30. Türkiyə - Xorvatiya - 0:3 (21:25; 23:25; 22:25)

23:30. İtaliya – Azərbaycan - 3:1 (25:22, 25:22, 21:25, 25:16)


O Q M S X
1. İtaliya 2 2 0 6-1 6
2. Xorvatiya 2 1 1 3-3 3
3. Türkiyə 2 1 1 3-4 3
4. AZƏRBAYCAN 2 0 2 2-6 0
0