İnessa Qorxmaz: Onun Azərbaycan yığmasına böyük köməyi olacaq
24.09.2011 - 16:48
İnessa Qorxmaz: Onun Azərbaycan yığmasına böyük köməyi olacaq
“Azərbaycan milli komandasının heyətinə yeni qatdığı Odina Əliyevanın yığmaya böyük köməyi olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmaz deyib.

Təcrübəli voleybolçu İtaliya və Serbiyada keçirilən Avropa çempionatının final mərhələsini şərh edib. Qorxmaz bildirib ki, Faiq Qarayevin yetirmələri hücumda güclü olsalar da, bəzi voleybolçuların zədədən qayıtması ziyanlarına işləyəcək: “Oksana Parxomenko meydana yeni dönüb. Onunla yanaşı, Natalya Məmmədovanın çiynindəki problem və son olaraq orta sahədə oyunçu çatışmaması onların əskiklikləridir. Amma onların ən böyük üstünlüyü hücum xəttidir. Polina Rəhimovanın əla çıxışı olacaq”.

İnessa qrupumuzdakı digər rəqiblərimizin də gücündən danışıb: “Türkiyənin 2001-ci ildə Avropa çempionatının finalında oynayan bəzi voleybolçularının heyətdə yer alması və onların lider mövqeyində olması üstünlükdür. Yalnız çatışmazlıq kimi həmin vaxtdan 4 baş məşqçi dəyişikliyidir. Çünki hər mütəxəssisin öz sistemi var. Lakin “ay-ulduzlular”ın uzun müddətdir uğur üçün “ac olmaları” onları yarışın sürpriz komandası sırasına qoşa bilər. Bu səbəbdən də Türkiyə hər bir nəticəyə hazır olmalıdır. İtaliyanın ev sahibi olması, baş məşqçi və voleybolçuları uzun müddət bir yerdə oynaması isə komandanın oyununu möhtəşəm edəcək. Voleybolçuları ayrı-ayrılıqda da çox güclüdürlər. Xorvatiyaya gəldikdə, onların təcrübəlilərdən qurulması həm xeyirlərinə, həm də ziyanınadır. Komanda oyunu oynaya bilərlərsə, yaxşı nəticələrə imza ata bilərlər. Ancaq topu düzgün paylamasalar, sıradan bir yığma olacaq”.

Qeyd edək ki, Odina Əliyevə Türkiyə ilə oyunda Azərbaycan yığmasının heyətində debüt matçına çıxıb.
0