Şok ittiham: İtaliya yığması oyunu satıb!
26.09.2011 - 12:13
Şok ittiham: İtaliya yığması oyunu satıb!
“Azərbaycanla oyunda yaxşı çıxış etməyimizə baxmayaraq, yorğunluğa görə uduzduq. Çünki 1 gün öncə Türkiyəyə qarşı gərgin oyun keçirmişdik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Xorvatiya millisinin baş məşqçisi Damir Jurko deyib.

O bildirib ki, Avropa çempionatının final mərhələsinin son qrup matçında Azərbaycana 1:3 hesablı məğlubiyyətdən sonra pley-offa yüksəlmək şansları olsa da, italiyalılar Türkiyə komandasına oyunu satıblar: “Bizim qrupda baş tutan son qarşılaşmadan öncə gözəl şansımız var idi. Lakin İtaliya voleybolçuları özləri üçün qrupda birinci yeri təmin etdiklərindən bir qədər pul üçün oynadılar”.

Qeyd edək ki, yığmamızın da yer aldığı B qrupunda son oyunda Türkiyə İtaliyaya 0:3 və ya 1:3 hesabı ilə uduzsaydı, pley-offa xorvatlar çıxacaqdı. Lakin oyunda gözlənilmədən “ay-ulduzlular” qələbə qazandılar. Bu isə Xorvatiya millisinin şübhəsinə səbəb olub.
0