Antirekord olmayacaq, hədəf yeni rekorddur!
26.09.2011 - 14:13
Antirekord olmayacaq, hədəf yeni rekorddur!
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində ən güclü 12 komanda sırasında yer alıb. Apasport.az saytının məlumatına görə, Serbiya və İtaliyada keçirilən həlledici mərhələdə Xorvatiyaya qalib gəlməklə, pley-offa yüksələn yığmamız antirekord etməyəcək.

Çünki bundan öncə çıxış etdiyimiz 3 analoji yarışda ən pis nəticəmiz məhz 12-ci yer olmuşdu. Artıq Avropanın ilk “12-liy”inə düşməklə isə voleybolçularımız son 2 yarışdakı nəticələrini təkrarlayıblar.

Amma voleybolçularımızın yeni rekord müəyyənləşdirmək şansı var. Bunun üçün Faiq Qarayevin yetirmələri 2005-ci ildə tutduqları 4-cü yeri bu dəfə ilk “3-lüyə” dəyişməlidirlər. Həmin nəticəyə imza atmaqdan ötrü isə komandamız 3 görüşü qələbə ilə başa vurmalıdır.

Qeyd edək ki, bu yolda ilk rəqib 2 rəqib məlumdur. Yığmamız ilk öncə pley-offda Hollandiya millisini sıradan çıxarmalıdır. Həmyerlilərimiz onlara qalib gələcəkləri halda, 1/4 finalda yenidən İtaliya yığması ilə qarşılaşacaqlar.
0