Natalyanın ulduzu Amerikada parladı
27.09.2011 - 09:12
Natalyanın ulduzu Amerikada parladı
Azərbaycan voleybolunun əvəzolunmaz ulduzu, müasir qadın voleybolunda özünəməxsus yeri olan, milli komandamızın lideri və Bakının “Rabitə” klubunun kapitanı Natalya Məmmədova yerli voleybolsevərlərə xoş anlar yaşatmaqdadır. Apasport.az saytının məlumatına görə, qazandığı uğurlarla dünya voleybolunda öz adından söz etdirən ulduz oyunçu bu günlərdə Amerikanın ən mötəbər voleybol qurumlarından olan, beynəlxalq arenada ən böyük nüfuza sahib olan və voleybol dünyası tərəfindən izlənilən “VolleyWood” tərəfindən fərəhverici mükafata layiq görülüb.

Dünya voleybolunun “HollyWood”u sayılan bu qurum böyük bir proyektin icrasına başlayıb. Sevindirici haldır ki, bu layihənin ilk iki sıralarından biri məhz Azərbaycan voleybolunun təmsilçisinə həsr olunub.

Belə ki, “VolleyWood” müasir dünya voleybolunda seçilən kişi və qadın voleybolçuların adını yeni qurulan “Şərəf Lövhəsi”nə qeyd etməklə, onların adının tarixə qovuşması üçün böyük layihəyə başlayıb. İlk olaraq bu ada layiq olan voleybolçu isə Polşanın kişilərdən ibarət milli komandasının üzvü Bartek Kurek olub. Qadın voleybolunda isə bu şərəfə ilk dəfə məhz Azərbaycan yığmasının lideri Natalya Məmmədova layiq görülüb.

Qeyd edək ki, bu proyekt müəyyən bir mərhələyə çatdıqdan sonra bu ulduzların saxlanılacağı bir muzeyin açılışı da “VolleyWood” tərəfindən nəzərdə tutulub.

Uzun müddətdir ki, beynəlxalq arenada uğurlu çıxışı ilə yadda qalan ulduz oyunçumuz bu mükafata karyerası ərzində qazandığı bu uğurlar sayəsində nail olmuşdur:

Şəxsi nailiyyətləri:

“Ən məhsuldar voleybolçu”, 2004/05 Çempionlar Liqası
 “Ən yaxşı hücumçu”, 2004/05 Çempionlar Liqası
 “Ən məhsuldar voleybolçu”, 2005/06 Çempionlar Liqası
 “Ən dəyərli oyunçu”, 2006 FIVB Dünya Qran-Prisi təsnifatı
 “Ən məhsuldar voleybolçu”, 2006 FIVB Dünya Qran-Prisi
 “Ən məhsuldar voleybolçu”, 2006/07 Çempionlar Liqası
 “Qızıl Top”, 2007 Avropanın ən yaxşı oyuçusu
 “Ən dəyərli oyunçu”, 2007/08 İsveçrə çempionatı
 “Ən məhsuldar voleybolçu”, 2007/08 İsveçrə çempionatı
 “Ən dəyərli oyunçu”, 2007/08 İsveçrə Kuboku
 “Ən məhsuldar voleybolçu”, 2010 Dünya çempionatı təsnifatı
 “Ən məhsuldar voleybolçu”, 2009-10 Rusiya Super Liqası
 “Ən məhsuldar voleybolçu”, 2009-10 Rusiya Superliqası Pley-Off
 “Ən məhsuldar voleybolçu”, 2010/11 Çempionlar Liqası “Dördlər finalı”
  “Ən yaxşı hücumçu”, 2010/11 Azərbaycan Super Liqası


Çıxış etdiyi klublar:

2002-03 Zareçye Odintsovo (Rusiya)
2003-06 Azərreyl (Azərbaycan)
2006 Volero (İsveçrə)
2006-07 Azərreyl (Azərbaycan)
2007 BigMat Kyeri (İtaliya)
2007-08 Volero (İsveçrə)
2008 İcaro Palma (İspaniya)
2008-09 Türk Telekom (Türkiyə)
2009-10 Dinamo Krasnodar (Rusiya)
2010/ -- Rabitə (Azərbaycan)
0