Millimiz Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB
28.09.2011 - 00:24
Millimiz Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB
Serbiya və İtaliyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində ilk pley-off matçları keçirilib. Apasport.az saytının məlumatına görə, qrup üçüncüsü kimi bu mərhələyə yüksələn Azərbaycan millisi Hollandiya ilə qarşılaşıb.

Monzada keçirilən matç Faiq Qarayevin yetirmələri üçün heç də asan olmayıb. Belə ki, ilk hissədə əzmkar qələbə qazanan komandamız ikinci setdə də hesabda irəlidə olub. Lakin voleybolçularımız bu üstünlüyü qoruya bilməyiblər. Hollandlar 21:23 hesabı ilə geridə olduqları hissəni aktivlərinə yazaraq, matçda bərabərlik yaradıblar.

Bu məğlubiyyət isə millimiz üçün acınacaqlı olub. Çünki setlərin hesabı 1:1 olduqdan sonra Faiq Qarayevin yetirmələri çətin vəziyyətə düşüblər. Bundan məharətlə istifadə edən rəqib meydanda şou göstərməyə başlayıb. Nəticədə üçüncü hissədə 25:16 hesabı ilə qalib gələn Hollandiya dördüncü setdə 8 top fərqi ilə qələbə qazanıb – 25:17.

Beləliklə, Avropa çempionatının final mərhələsində 4 oyun keçirən voleybolçularımız 3-cü matçlarını da məğlubiyyətlə başa vurublar. Hollandlar isə 1/4 finala yüksəlməklə, 2 il öncəki finalın qisasını almaq şansı qazanıblar. Çünki 2009-cu il Avropa çempionatının finalında onların qızıl medal qazanmasına məhz növbəti mərhələdə rəqibləri olacaq İtaliya imkan verməmişdi.

Qeyd edək ki, digər pley-off matçında İspaniyanı asanlıqla məğlub edən Türkiyə voleybolçuları yarımfinala yüksəlmək üçün Rusiya ilə oynayacaqlar.

Pley-off mərhələsi

HOLLANDİYA – AZƏRBAYCAN - 3:1 (23:25, 27:25, 25:16, 25:17)
Hakimlər: Heyke Kraft (Almaniya), Karin Zaharçova (Çexiya).
Monza, “Palayper” İdman Sarayı.

Türkiyə - İspaniya - 3:0 (25:19, 25:17, 25:21)
0