Alisa Blom: Azərbaycan yığmasının potensialına yaxşı bələdəm
27.09.2011 - 12:27
Alisa Blom: Azərbaycan yığmasının potensialına yaxşı bələdəm
“Azərbaycanlı voleybolçulara qarşı oynamaq mənim üçün maraqlı olacaq. Ötən mövsüm Super Liqada onlara rəqib olmuşam”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya millisinin voleybolçusu Alisa Blom deyib.

“İqtisadçı”nın heyətində ötən mövsüm Azərbaycan Super Liqasının bürünc mükafatını qazanan voleybolçu Avropa çempionatının pley-off mərhələsində yığmamızla oyuna münasibət bildirib. O, bu gün baş tutacaq Hollandiya – Azərbaycan matçında Faiq Qarayevin yetirmələrini yüksək qiymətləndirib: “Onlara qarşı beynəlxalq səviyyədə oynamaq imkanım olmamışdı. Ancaq mən azərbaycanlılara qarşı oynadığımdan, onların potensialına yaxşı bələdəm. Bu komandada güclü oyunçular yer alıb. Biz Azərbaycan millisini mütləq qiymətləndirməliyik”.

Blom Azərbaycan voleybolundakı vəziyyəti də dəyərləndirib: “Orada böyük pullar mövcuddur. Azərbaycan voleybolu həqiqətən də inkişaf yolundadır. Növbəti mövsümdə Super Liqada həmyerlilərim çox olacaq. Yannike van Tienen, İnqrid Visser və Quinta Stenbergen karyeralarını bu ölkədə davam etdirəcəklər. Bütün bunlar əladır”

Qeyd edək ki, Hollandiya – Azərbaycan matçı saat 23:30-da başlayacaq.
0